BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Paşinyanın burnu bərk əzildi”

“Erməni xalqının sabahkı günə inamı qalmayıb, Paşinyan rejimi altında yaşamaq istəmirlər, etirazlarını bildirirlər”

 

“Bu təxribat Paşinyan hakimiyyətinin sonunun başlanğıcı olacaq”

 

“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusu onların bu addımının qarşısını qətiyyətlə alıb, düşməni yerində oturdub. Azərbaycanın 4 hərbçisi şəhid olub, Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun. Şəhidlər ölmürlər… Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Ermənistan silahlı qüvvələrinin daha böyük itkilərə məruz qaldığı bildirilir. Bu barədə məlumatlar sosial şəbəkələrdə, qeyri-rəsmi mənbələrdə var. Bunun sadə bir səbəbi var, hər zaman hücum edən tərəf daha çox itkiyə məruz qalır. Ermənistanda müzakirə edilən əsas məsələ odur ki, siyasi rəhbərlik itkiləri xalqdan niyə gizlədir? Azərbaycan tərəfi bəyan edib ki, 4 şəhid verib, bəs Ermənistan tərəfi hücum etdiyi halda, itkilərini niyə gizlədir? Ermənistan silahlı qüvvələri bu avantüraya niyə indi əl atıb? Bunun bitkin və əsaslandırılmış cavabı odur ki, bu, baş nazir Nikol Paşinyana lazımdır”.

 

Bunub Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov qeyd edib ki, Ermənistanın daxilində vəziyyət inqilabdan sonra daha da pisləşib: “Üstəlik də koronavirus pandemiyasının ortaya çıxması əhalinin sosial durumunu daha da ağırlaşdırıb. Daha bundan o tərəfə görünmür. Ermənilər fəlakətin episentrindədirlər. Buna görə də Paşinyan ölkədəki inqilab ab-havasını Dağlıq Qarabağ istiqamətinə yönləndirməyə çalışır. Ermənistanda həmişə bu yola əl atıblar. Paşinyanın tapşırığı ilə həyata keçirilən təxribat hakimiyyətin qorunub saxlanması məqsədi daşıyır. Amma bu addımlar artıq effekt vermir. Yəqin ki, bir müddətdən sonra Ermənistanın hərbi avantürası nəticəsində çoxsaylı əsgər itkiləri ilə üz-üzə qaldığı faktı üzə çıxacaq. Belə olan halda, Paşinyana qarşı etiraz dalğası daha da genişlənəcək. Paşinyanın bu avantürası onun başına hələ çox bəla açacaq”.

 

Deputat ATƏT-in Minsk Qrupunu da sərt tənqid edib: “İndiki vəziyyətdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə də qiymət vermək lazımdır. ATƏT-in Minsk Qrupu amorf, heç bir işə yaramayan, seyrçi mövqedə olan təşkilat olduğunu bir daha ortaya qoydu. Yəqin ki, onlar bəyanatla çıxış edəcəklər. Onların bəyanatının indidən qısa məzmununu deyə bilərəm. Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağıracaqlar, təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlıq keçirdiklərini ifadə edəcəklər. Bunun ardınca da tərəfləri sülhə çağıracaqlar. Bəyanat təxminən bu ruhda olacaq. Yenə də ünvansız bəyanat verəcəklər, yenə də cəsarət və iradələri çatmayacaq ki, desinlər, Ermənistan silahlı qüvvələri hərbi təxribata əl atıb. Ermənistanda da arxayınlıq sindromu yaranır ki, cinayət edə bilər, buna görə hər hansı cəza olmayacaq. ATƏT-in Minsk Qrupuna ar olsun! Belə bir qrup cəsarət tapıb, özü-özünü buraxmalıdır. Etiraf etməlidirlər ki, problemlə məşğul olub, həll edə bilmirlər. Çünki iradələri yoxdur…”

 

Parlamentin üzvü baş verənlərdə xarici qüvvələrin rolunun olub olmamasına da münasibət bildirib: “Hesab edirəm ki, Paşinyana müəyyən xarici dəstəklər də ola bilər. Təbii ki, bu dəstək erməni lobbilərindən gəlir, maliyyə dəstəyi verirlər. Nəzərə alın ki, qonşu ölkələrdə də onların güclü lobbiləri var. Burada əsas məsələ odur ki, belə hərbi avantüra Paşinyan üçün lazımdır. Çünki onun vəziyyəti hər dəqiqə, hər saat, hər gün daha da pisləşir. Ona bu cür təxribatlara əl atmaq hava və su kimi lazımdır. Erməni xalqının sabahkı günə inamı qalmayıb, Paşinyan rejimi altında yaşamaq istəmirlər, etirazlarını bildirirlər. Peşman olublar ki, Paşinyana görə inqilab ediblər. Bütün bunları Paşinyan görür, qiymətləndirir, diqqəti yayındırmaq üçün addımlar atır. O, təxribata əl atdı, amma məqsədinə çatmadı, burnu möhkəm əzildi. Qarşıdakı müddətdə Ermənistanda siyasi partlayışların şahidi olacağıq. Yəqin ki, bu, Paşinyan hakimiyyətinin sonunun başlanğıcı olacaq”.

 

E.Nəsirov yaranmış vəziyyətdə Azərbaycanın geniş miqyaslı hərbi əməliyyatlara başlayacağını da istisna etməyib: “Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılış mərasimində mövqeyini ifadə etdi, ATƏT-in Minsk Qrupunu tənqid etdi. Qeyd etdi ki, ATƏT-in Minsk Qrupunun mövqeyi belədir ki, hərbi əməliyyatlar olmasın. BMT-nin Nizamnaməsində yazılıb ki, təcavüzə məruz qalan hər bir dövlətin fərdi və kollektiv özünümüdafiə hüququ var. Bunu istənilən yolla, o cümlədən hərbi yolla həyata keçirmək mümkündür. Cənab Prezident haqlı olaraq qeyd edir ki, ATƏT BMT-dən böyükmü təşkilatdır? Dövlət başçısı kəskin şəkildə bildirdi ki, ölkəmiz təcavüzə məruz qalıb, müdafiə olunmaq hüququmuzdur. Düşünürəm ki, müharibə ilə bağlı hər şey vəziyyətdən, hadisələrin gedişatından asılıdır. Cənab Prezident vurğulamışdı ki, zaman və geosiyasi vəziyyət kimi amilləri nəzərə almaq lazımdır. Azərbaycan Ordusu döyüşə tam hazır vəziyyətdədir. Xalq ordunun, Prezidentin, Ali Baş Komandanın yanındadır. Ən məlumatlı şəxs Prezident İlham Əliyevdir. Dövlət başçısı zamana və geosiyasi vəziyyətə uyğun olaraq müvafiq addım atacaq”.

Tarix: 13 İyul 2020, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin