Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə prosesdə çox ciddi faktlar üzə çıxıb. Müttəhim Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşından alınan, ittihama görə dələduzluqla ələ keçirilmiş 14 milyon manat vəsaitin qayınatası Tahir Qədəşovun rəhbərlik etdiyi “Atlant” ailəvi istirahət mərkəzinə yatırıldığını deyib. Aylardır ki, davam edən məhkəmə prosesində Nofəl Hacıyevin bu fikri şahid ifadələri ilə də təsdiqlənib. İş üzrə hər prosesdə zərərçəkənlər haqlı olaraq “əgər kürəkən həbs olunubsa, bəs qayınata niyə hələ də sərbəstdir” sualını verirlər.
Bir daha xatırladaq ki, söhbət ölkənin tanınmış iş adamlarından olan Tahir Qədəşov, onun kürəkəni və hazırda həbsdə olan Nofəl Hacıyev və onların şərikliyində fəaliyyət göstərən “Atlant” Ailəvi İstirahət Mərkəzi və “Təbriz” MTK arasındakı qalmaqallı əlaqələrdən gedir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nofəl Hacıyev 171 vətəndaşa qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. İstintaq sənədləri və məhkəmə ifadələri göstərir ki, bu vəsaitin böyük hissəsi Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzinin təmir və genişləndirilməsinə yönəldilib. Nofəıl Hacıyev də bu həqiqəti gizlətmir, vəsaitlərin Tahir Qədəşovun təkidi ilə “Atlant”a yatırıldığını deyir.
Nofəl Hacıyevin dediyinə görə, qayınatası ona mənzillərin satışından yığılan pulları istirahət mərkəzinə yatırmağı tapşırıb. Bu isə artıq ailə içindəki ortaq cinayət modelini təsdiqləyir.
Nofəl Hacıyev eyni zamanda qayınatasının ona məxsus olan və Bakının Ramana qəsəbəsində yerləşən “Bərəkətli” MMC-nin zəbt olunduğunu açıqlayıb.
Nofəl Hacıyev açıq şəkildə məhkəmədə bildirib:
“Atlant” İstirahət Mərkəzinin ərazisində tikinti aparmaq üçün Tahir Qədəşov 800-dən çox ağacı kəsib”.
Bu ifadə sıradan bir emosional ittiham deyil. Hakim Nofəl Hacıyevin məhkəmə iclasında dilə gətirdiyi bu ifadədən sonra bildirib ki, bu fakt üzrə araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət olunacaq.
Musavat.com-a daxil olan məlumata görə Nofəl Hacıyev məhkəmə zalında səsləndirdiyi 800 ağacın kəsilməsi barədə faktın araşdırılmasını üçün Baş Prokurorluğa da müraciət edib.