"Bir neçə saat əvvəl Polşanın Varşava şəhərində, evimdən təxminən 500 metr məsafədə durduğumuz yerdə 10-15 nəfərlik irqçi bir qrup qəfil üstümüzə gəlib bibər qazı sıxdı. Hadisə zamanı gözümüzü aça bilmədik, nəfəs almaqda çətinlik çəkdik. Hücum edən şəxslər hadisədən sonra qaçıb getdilər. Daha sonra polis və təcili yardım gəldi". Oxu.Az xəbər verir ki, bunu Polşada yaşayan azərbaycanlı tələbə İbrahim Talışınski sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, ambulans əməkdaşları onları xəstəxanaya aparmayıb və səbəb olaraq bildiriblər ki, bibər qazı hücumuna görə yalnız ilkin tibbi yardım göstərirlər:
"Bir qədər özümüzə gəldikdən sonra Türkiyə vətəndaşı olan dostum dərhal ölkəsinin səfirliyinə zəng etdi və cavab aldı. Ardınca ümumdünya Türkiyə vətəndaşları üçün olan qaynar xətti yığdı və oradan da dərhal cavab verildi. Təxminən 10 dəqiqədən sonra yanımızdakı polisə zəng gəldi və bizimlə qışqıra-qışqıra danışan polislər həddindən artıq sakitləşdilər. Sanki vəziyyəti ört-basdır etmək istəyirdilər".