“Kontakt Home” mağazalar şəbəkəsinin baş kredit mütəxəssisi məsuliyyətə cəlb edilib. O, işlədiyi şirkətə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunub. Həmin şəxsin öz qohumlarının adına kredit rəsmiləşdirdiyi, sonra da həmin kreditləri ödəmədiyi məlum olub.
1990-cı il təvəllüdlü Emin Quliyev 2017-ci ildən “Kontakt Home” mağazalar şəbəkəsində çalışıb.
Məlumata görə, Quliyev şirkətin “Kontakt Home 7”, “Sahil” filialında çalışan zaman bu cinayət əməlini törədib.
İstintaqla müəyyən edilib ki, Emin Quliyev öz ailə üzvlərinin və tanışı Həmid Əliyevin adına müxtəlif məhsulların kreditlə satılmasına nail olub. O, kreditə götürülən məhsulları sataraq borclarını ödəyib. Sonra isə bir müddət kreditləri vaxtında ödəsə də, gecikmələr yaranıb.
İttihama görə, Emin Quliyev MMC-yə 170 min manat məbləğində ziyan vurub.
Quliyev ifadəsində deyib ki, özünü qismən təqsirli bilir.
Onun sözlərinə görə, müxtəlif məhsulları həm özünün, həm də ailəsinin adına götürüb:
“Əvvəllər ödəniş cədvəlinə uyğun olaraq aybaay ödənişləri edirdim. Sonradan borc yığıldı. Kredit borclarım çox idi. Şirkətdən götürdüyüm məhsulları satıb borcumu ödəyirdim. Mən sayılıb-seçilən işçilərdən olmuşam. 125 işçidən 5 nəfər baş kredit mütəxəssisi var idi. Biri də mən idim. Digər kredit mütəxəssisi kredit vermədiyi halda, baş kredit mütəxəssisi həmin şəxsə kredit verə bilirdi. Çünki öz subyektiv səlahiyyətlərim var. Bu hadisələr olmasaydı, mağaza müdirinin müavini vəzifəsinə təyin olunacaqdım.