Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Müttəhimlər dələduzluqda ittiham olunurlar. İş üzrə zərərçəkən icra başçısı işləmiş Lütvəli Babayevin oğlu Babəli Babazadədir.
İyulun 31-də prosesdə zərərçəkmiş Babəli Babazadə tərəflərin suallarını cavablandırıb. O bildirib ki, Türkiyədən qayıtdıqdan sonra Ehtiram Kərimovu tapa bilməyib. Ehtiram Kərimovun vəkili bu fikri inkar edib, deyib ki, zərərçəkmiş Türkiyədən gələndən sonra müvəkkili ilə görüşüb. Babəli Babazadə qeyd edib ki, həmin görüşləri zamanı dələduzluqla üzləşdiyini başa düşməyib: "Sonradan polisə şikayət etdim. Onlarla çörək kəsmişdim. Ona görə iş uzandı. Mənə 30 min manat pul lazım idi. Sənəd verdim, pulu götürdüm. Evimin dəyəri 600 min manat idi. Pulu düzəltdim, bir həftə sonra pulu vermək istədim. Amma mənə xəbər vermədilər. Gəlib pulu da götürmədim. Binanın komendantı zəng etdi, dedi ki, ev əldən çıxıb. Mən inanmadım. Amma gedəndən sonra gördüm ki, ev əldən gedib".
Zərərçəkmiş qeyd edib ki, Ehtiram Kərimovdan əvvəl Aruz Əliyevi tanıyıb: "Aruza zəng etdim ki, birdən Ehtiram sənədi alar. Mən ona inanırdım, çünki birinci Aruzu tanımışam. Aruzun mənə nə qədər ziyan vurduğunu bilmirəm. Ondan soruşurdum ki, pulum kimdədir, deyirdi ki, Ehtiramdadır. Biri o birində olduğunu deyirdi. Mənə 2 milyon manatdan çox ziyan dəyib. Sənədlərim əvvəlcə Aruzda idi. Sonra ondan sənədi özüm üçün götürdüm. 30 min manat pulu almaq üçün Ehtirama verdim. İki dəqiqə sonra Aruz zəng etdi ki, sənədi Ehtirama vermişəm, sənəd ondadır. Çünki sənəd Aruzun adına idi, sərəncam vermək hüquqi onda idi. Aruz mənim Nərimanov rayonunda olan obyektimi satıb. Amma başqa əmlakları satmayıb. Mən ümumiyyətlə belə bir söz deməmişəm. Yalnız 2 milyon manatdan söhbət gedir".
Zərərçəkmiş bildirib ki, Türkiyədə olanda Ehtiram Kərimov ona ölkəyə giriş-çıxışına stop qoyulduğunu deyib: "Buna görə də Azərbaycana gələ bilməmişəm, əmlaklarımı öz adıma keçirə bilməmişəm. Sonradan Gürcüstan vasitəsilə ilə Azərbaycana gəldim, Ehtiramla görüşdüm. Dedi, evin sənədləri məndədir. Bunu deyəndə yanımızda şahidlər də olub".
Müttəhim Ehtiram Kərimov isə deyib ki, Babəli Babazadə pulunu başqasına yedirdib, indi də ondan tələb edir: "İranılya pul verib. Özü bilir, həmin iranlı kimdir. Babəli yaxşı bilir ki, pulu kimdədir".
Daha sonra zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı izahat və ifadələrinin ziddiyyətli hissələri elan olunub. O, izahatında göstərib ki, ona 1 milyon 700 manat ziyan dəyib. Zərərçəkmiş Babəli Babazadə məhkəmədə bildirib ki, izahat verdikdən sonra dəqiq məbləği müəyyən edə bilib. Babəli Babazadə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Aruz Əliyevi sürücüsü vasitəsi ilə tanıyıb: "Ehtiram Kərimovu Aruz vasitəsi ilə tanmışam. 7-ci mikrorayonda olan torpaq sahəsi vardı. Həmin yerdə bina tikidrmək istədim. Katlavan qazdırsam da, binanı tikdirə bilmədim. Sonradan evimə vergi borcum olması ilə bağlı məktub gəldi. Mən bunu Ehtiramla Aruza dedim. Ehtiram vergidə tanışı olduğunu, bu məsələni həll edəcəyini dedi. Aruz mənə məsləhət gördü ki, sən ölkədən get, sənin 1 milyon manat vergi borcunu bağlayacağıq. Məni Türkiyəyə yola salanda dedim ki, əmlakımı satın, vergiyə olan borcumi bağlasınlar. Sonradan başa düşdüm ki, məni Türkiyəyə yola salıb, əmlakımı ələ keçirmək istəyirlər. Binəqədi rayonunda olan əmlakımı 1 milyon 500 min manata satıblar, mənə heç nə verməyiblər. Aruz pulumu qaytacağını desə də, mənə heç bir vəsait qaytarmadılar".
Zərərçəkmiş Aruz Əliyevə inanması belə izah edib: "Aruz bizim ailəvi həkimimiz olub. Buna görə ona inanmışam. Mənə dəymiş ziyan ödənilməyib. 2 milyon manat ziyan var, onun ödənilməsini istəyirəm. Razılığa gəlmək üçün qarşı tərəfdən heç kəs söhbətə gəlmir. Gəlsələr, bir nəticə hasil olar".
Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.