"Bir həftədən çoxdur ki, qorxu içindəyik. Aramızdan bəziləri məcbur evlərində qalıb, digərləri isə başqa qohumların evinə gediblər. Hər an birimiz cinayətin qurbanı ola bilərik". Bu iddia ilə "Qafqazinfo"ya Oğuz rayonunun Padar kəndinin bir qrup sakini müraciət edib. Kənd sakinləri narahatlığa səbəb kimi elə Padarda yaşayan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən Ruslan Elbahat oğlu Səmədovu göstərirlər.
Vətəndaşların sözlərinə görə, bu şəxs dəfələrlə həbs edilib, Maştağa Psixiatriya Xəstəxanasında müalicə alıb. Sonra yenidən bu kəndə, evinə qayıdıb. Lakin əməllərində dəyişən heç nə olmayıb:
"Yenidən başqalarına hücum edib. Qorxumuzdan çölə çıxa bilmirik. Bu şəxs 2010-cu ildə 74-75 yaşlı Münəvvər Zakirovanın evini dağıdıb, sonra isə balta ilə qəddarlıqla öldürüb. Qətldən əvvəl onun evinə girib, neçə dəfə qapı-pəncərəsini sındırıb. Qadın ölümündən əvvəl Ruslan Səmədovun evinə də gedərək anası Sevincə, atası Elbahata şikayətini deyib. Ruslan isə şikayətlərinə görə qadını öldürəcəyi ilə hədələyib və qısa müddət sonra dediyini edib".
Kənd sakinləri deyirlər ki, Ruslan Səmədova 14 il həbs cəzası verilsə də, bunun, sadəcə, səkkiz ilini həbsdə keçirib:
"Həbsdən sonra ailəsi nə edibsə, o, Maştağa Psixiatriya Xəstəxanasına göndərilib və evinə qayıdıb. Hətta öz ana və atasına da bir neçə dəfə xəsarət yetirib və ailə üzvləri ondan şikayətçi olublar. Sonra yenə müalicəyə gedib və evinə qayıdıb. Doğma bibisi oğlu ilə dalaşıb, anasına deyib ki, onu öldürəcək. Anası zəng edərək oğlanı xəbərdar edib, o, iş yerindən qaçıb. Amma oğlanı tapıb və onu bıçaqlayıb, lakin xəsarət yetirdiyi adam ölməyib. Yenə həbs olunub. Amma əvvəlki qaydada xəstəxanaya göndərilib və evinə qayıdıb.