COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda orduya dəstək yürüşünün təşkil olunması, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaratdı. İyulun 14-də keçirilən aksiyada distansiyanın gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal oldu.
Şübhəsiz ki, vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır.
Bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşyacağıq. Böyük ehtimal ki, növbəti həftələrdə yoluxma dinamikasında artım müşahidə olunacaq.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da "Sherg.az"a açıqlamasında dünən keçirilən aksiyanın kütləvi yoluxmaya rəvac verəcəyi qənaətindədir. İnsanlar arasında çox yaxın təmasların olduğunu vurğulayan professor hesab edirəm ki, bu faktor yoluxma sayına təsirsiz ötüşməyəcək:
"Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə şərait yaratmaqla daha faydalı dəstək nümayiş etdirə bilərdilər.
Ümumiyyətlə, biz Qarabağ məsələsini bu yolla həll edə bilmərik. Başa düşürəm küçəyə çıxıb orduya dəstək yürüşünə qatılan insanların bu addımı cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu nümayiş etdirir. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğal altında qalmasına xalqın reaksiyası baxımından bu aksiyalar qürurvericidir.
Amma bizim sadəcə ermənilərlə yox, gözəgörünməz bir "düşmən"lə mübarizə şəraitində olduğumuzu da unutmamaq lazımdır. Aylardır ölkədə koronavirusa qarşı mübarizə tədbirləri keçirilir, sərt karantin rejimi tətbiq edilir. Amma bizim insanlar pandemiyanın nə dərəcədə təhlükəli bir hal olduğunun hələ də fərqində deyil. Dövlət sərhəddində törədilən təxribatla mübarizədə ordumuz 11 şəhid verdi. Allahdan hər birinə rəhmət diləyirəm.