“Dünən gecə (İyulun 14-də) Moskvada yaşayan çoxdan tanıdığım bir jurnalist dostumun zəngi məni yuxudan oyatdı. Onun birinci sualı belə oldu: “Əli sizdə Bakıda yenə nə baş verir, deyəsən ermənilər Tovuza top atıb, paytaxt camaatını oyadıb, küçələrə töküb”. Mənim dostuma cavabım lakanik və ironik oldu: “Serqey, sizdə yaxşı bir məsəl var- Zürafə böyükdür, hər şeyi yuxarıdan o daha yaxşı görür!”. Yəni onu demək istədim ki, ermənilərin nə etdiyini bir müttəfiq olaraq Moskva daha yaxşı bilər... Əslində dostum Bakıdakı hadisələri öyrənmək istəyirdi, əhalinin qəzəb və qisasçılıq istəyindən doğan, bəzi “reportyorların” həvəslə sosial şəbəkələrdə yaydığı nizamsız yürüşləri, koronavirusun tüğyan etdiyi bir dövrdə təhlükəli toplantıları nəzərdə tuturdu. Səhər tezdən, dünən (iyulun 14-də) gecə Bakıda yaşananlarla bağlı öz düşüncələrimi qələmə alıb, dəyərli həmvətənlərimlə paylaşmaq istəyirdim ki, keçmişdə bərabər işlədiyim Bəhruz Həsənovun FB statusu qarşıma çıxdı. Eynən mən düşündüklərimi qələmə almışdı, dünənki (iyulun 14-də) o gecə zəngindən sonra, səhərə qədər məni narahat edən və yatmağa qoymayan məqamları dilə gətirmişdi. Doğrudan da, xalqımız iki gündür cəbhə bölgəsində yaşanan hadisələrdən haqlı olaraq qəzəblidir və hər bir Azərbaycan vətəndaşı, hər bir həmvətənlimiz mənfur düşmən gülləsindən şəhid olmuş generalımızın, igid əsgər və zabitlərimizin qisasını almaq eşqi ilə alışıb yanır. Amma, unutmaq olmaz ki, soyuqqanlı və təmkinli olmaq, baş verən hadisələri lazımi səviyyədə araşdırıb, ən effektli tədbirləri görmək imkanını da biz xalq olaraq ilk növbədə, dövlətimizə və Prezidentimizə etibar etməliyik. Dünən (iyulun 14-də) axşam və gecə eynən 1988-1991-ci illərin ab-havasını respublikada təkrarlamaq istəyirdik sanki. O zaman da ermənilər aram-aram, təmkinlə, davamlı formada torpaqlarımızı bir-birinin ardınca, kənd-kənd, rayon-rayon ələ keçirəndə, biz azərbaycanlılar Bakı küçələrində mitinq və yürüşlər keçirərək, özümüz də bilmədən işğallara əlverişli şərait yaradırdıq”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov deyib.
“Bakı küçələrindən dünən (iyulun 14-də) səhərə qədər həvəslə canlı yayım edən bəzi sosial şəbəkə resurslarının və tramsmilli media aktivistlərinin canfəşanlığından narahat olmamaq mümkün deyildi. Yayımları izlədikcə hiss edirsən ki, onlar öz hərəkətlərində səmimi və vətənpərvər deyillər, qərəzli və məkirlidirlər. Küçə və meydanlarda Qarabağ deyə hayqıran gənclərimizin vətənpərvərliyi insanı qürurlandırır. Bəli, biz son 30-35 ildə həqiqətən vacib tarixi anlara şahidlik edirik, amma vətənpərvərlik həm də nizam-intizamdır, bü gün üçün vacib olan pandemiya normalarına, qanunlara və asayiş keşikçilərinin tələblərinə riayət etməkdir. Əgər dövlətimiz buna ehtiyac duysa, bir millət olaraq biz hamımız cəbhə xəttinə axışarıq, mövzu Vətən taleyi və Vətən torpağıdırsa, o zaman ellikcə ortaya durulmağı bacarmalıyıq, əlbəttə! Amma bu gün buna ehtiyac varmı?!
Biz kortəbii küçə və meydan hərəkatlarının nəticəsini öz üzərimizdə görmüşük axı!