Mənfur düşmənlər təxribat törətməklə kifayətlənmirlər. Onlar öz əməlləri ilə qorxaqlığın, namərdliyin pik həddinə çatıblar. Belə ki, artıq mülki əhaliyə atəş açılır. Hətta dinc sakinlər arasında ölənlər də var. Tovuz rayonun Ağdam kəndinin sakini 1944 təvəllüdlü Əziz Əzizov da erməni gülləsinin qurbanı olub.
Beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk Qrupu isə hələ də, necə deyərlər, “fil qulağında yatır” və deyəsən. Əks halda çoxdan reaksiya verməli idi.
Millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov “Sherg.az”a açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupu mövqeyini konkretləşdirməlidir:
“Əlbəttə, beynəlxalq qurumların mövqeyi ədalətli deyil. Minsk Qrupu danışır, amma mənasız və əhəmiyyətsiz. Sülh haqqında mücərrəd sözlər deyə-deyə vəziyyəti bu həddə çatdırıblar. Tam səmimi deyirəm, ATƏT son vaxtlar işğalçı qüvvələrin əlində alətə çevrilib. Bu qurum iyirmi ildən çoxdur, ağa qara, qaraya ağ deyir.
Həmsədrlər qoy, gücsüz ölkəyə vasitəçilik etsinlər, bizə vasitəçilik edib nəyə nail olmaq istəyirlər?! Torpaq onsuz da bizim torpaqlarımızdır. Minsk Qrupu mövqeyini konkretləşdirməlidir. Ya birdəfəlik “bacarmıram” deyib işi bacarana təhvil verməli, ya da formatı dəyişməlidir”.