"Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks tədbirləri həyata keçirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub".
Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Tamerlan Sadıqovun cari il martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.