Rusiyanın Sverdlovsk vilayətində saxlanılan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski hazırda Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib. O, yanında bir məhbusun da olmasını xahiş edib.
Bu barədə onunla görüşən Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov məlumat verib.
"Şıxlinski ölçüsünə görə sanki toyuq hininə bənzəyən təkadamlıq kamerada saxlanılır. Kamera təmir olunub və normalara uyğundur, amma belə iri cüssəli insan üçün çox kiçikdir. O, sıxıntılı şəraitdədir", - deyə Popov Azərbaycan diasporunun liderinin vəziyyətini şərh edib.
Onun sözlərinə görə, Şıxlinski heç bir narazılıq bildirməyib, əksinə, təcridxana əməkdaşlarının ona qarşı korrekt münasibətini xüsusi vurğulayıb. Həm məişət şəraiti, həm də yeməkdən razıdır. Əsas problem isə həbsxana şəraitində ciddi şəkildə pisləşmiş səhhətidir.