Qəyyumu tərəfindən zorakılığa məruz qalan azyaşlı uşağın başına gələnlər cəmiyyətdə ciddi rezonans doğurub. Hamını düşündürən suallardan biri qəyyumluğa verilən Ümidin taleyinə müvafiq nəzarətin hansı formada həyata keçirilməsidir.
2019-cu ildə Ümidin anası Fəridə Məmmədovanı həyat yoldaşı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra ananın yaxın qohumu Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək hər iki uşağa qəyyum təyin edilməsini xahiş edib.
Məsələ ilə bağlı İcra Hakimiyyətindən bildirilib ki, ötən illər ərzində Günay Novruzovanın qəyyumluq vəzifəsinin icrası ilə bağlı uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya hər hansı şikayət daxil olmayıb. Sentyabrın 1-də yeniyetmənin məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətiriblər.
Xatırladaq ki, Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Maraqlıdır, qəyyumla bağlı nöqsanlar aşkarlandıqda onu hansı cəza gözləyir?