684 min manatlıq dələduzluqda ittiham olunan “Amal+A” MMC-nin rəhbəri Nadir Quliyev 10 il həbs cəzası alıb. Onun ayrı-ayrı şəxslərdən müxtəlif vədlərlə külli miqdarda pul aldığı müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmə istintaqında Nadir Quliyev xüsusi ilə külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib.
İttihama görə, Nadir Quliyev bir neçə vətəndaşa və şirkət rəhbərlərinə qarşı dələduzluq etməkdə təqsirləndirilib.
Nadir Quliyev zərərçəkmişlərə inşaat sahəsində tikinti işləri görəcəklərini vəd edib və onlardan pul alıb. Bəzi zərərçəkmişlərdən tikinti materialları alıb, onları sataraq pulunu ələ keçirib.
Bundan başqa, Nadir Quliyev bəzi dövlət müəssisələrinə məxsus binaların üzlüklərini yeniləməyə kömək edəcəyi adı ilə şirkət rəhbərlərini aldadaraq pullarını mənimsəyib. Zərərçəkmiş Mahir Əhmədova özünü işgüzar şəxs kimi təqdim edib, iş qurmaq adı ilə onun 30 min manatını alıb.
Azər İlyasova inşaat işlərinin həyata keçirmək vədi verib və tikinti materialları almaqla dələduzluq edib. Onun ümumilikdə 7 nəfərə qarşı dələduzluq etdiyi bildirilir.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi olaraq külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.
Nadir Quliyev tanış olduğu şəxslərə məmurlarla əlaqələrinin olduğunu, Qarabağda aparılan quruculuq işlərində böyük layihələr icra etdiyini deyib. Bu səbəbdən də ona mal və material verən şəxslərin etibarını qazanıb. Lakin araşdırma zamanı Nadir Quıliyevin rəhbəri olduğu şirkətin belə layihələr icra etmədiyi müəyyən olunub.