Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyev barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu gün Naxçıvan Ali Məhkəməsi bununla bağlı qərar verib. Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul olunan qərara əsasən, Samir Həziyev və Aydın Quliyevin cəzası şərti hesab olunub və onlar azadlığa buraxılıblar.
Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsin hökmünə əsasən, Samir Həziyev 4, Aydın Quliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Aydın Quliyev məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.