Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Pravda.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.
O, suallara cavab olaraq bildirib ki, Fərhad Əhmədova müqavilə əsasında kömək edib:
“Müqavilə əsasında Fərhad Əhmədova işləri ilə bağlı məsləhətlər vermişəm. Əhmədovun yaxtasını həbsdən azad etmək üçün hüquqşünaslar və bəzi adamlarla görüşlər keçirmişəm. Mən ixtisasca mühəndis olsam da, insanlara hüquqi yardım, texniki yardım kimi məsələlərlə yardım eləmişəm. Fərhad Əhmədovun oğluyla yaxtanın həbsdən azad edilməsi ilə bağlı görüşlərim olub. Mənim missiyam yaxtanın həbsdən azad edilməsi ilə bağlı aparılan işlərdə koordinasiyanı qurmaq və bu işlərin həllini təmin etmək idi. Mən onların mandatlı nümayəndəsi idim. Həmin mandatı istintaqa da, məhkəməyə də təqdim etmişəm”.
Təqsirləndirilən şəxs bildirib ki, yaxta azad olunsaydı, bonus alacaqdı: “Lakin işlər biz deyən kimi olmadı, məhkəmə yaxtanı azad etmədi. Hər ikimizin ortaq dostlarımız vardı. Onların sayəsində bir-birimizi tanıdıq. Sonra yaxta ilə bağlı söhbət etdik və görüləcək işlərlə bağlı müqavilə imzaladıq. Müqaviləyə əsasən də hüquqi, texniki və maliyyə məsələlərini həll etməliydim. Aleksandr Benallanı (Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri) orada hamı tanıyırdı. Onunla hər hansı biznesim olmayıb. Benalla da Fransa Administrasiyasından çıxarılandan sonra Dubayda hüquq işləri ilə məşğul olurdu. Fərhad Əhmədovun yaxtasının azad olunması ilə bağlı işə o da qoşulmuşdu”.
Anass Derraz qeyd edib ki, imzalanan müqavilələrə görə də onun qonorarı olmalıydı: “Həmin köçürülən pullar da qonorarımla bağlı olub. Təxminən 5-6 ay müqavilə əsasında mən Fərhad Əhmədovun işlərini görmüşəm, vaxt sərf etmişəm”.
Prosesdə daha sonra Anass Derrazın istintaqa verdiyi ifadə elan olunub.
Təqsirləndirilən istintaqa ifadəsində deyib ki, Aleksandr Benalla Mərakeş əsilli Fransa vətəndaşıdır: “2018-ci ilin oktyabrında London Məhkəməsi tərəfindən milyarder Fərhad Əhmədovun yaxtasına həbs qoyulduğunu dostlarım vasitəsilə mənə bildirdilər. Məndən kömək istədilər. Pul müqabilində kömək edə biləcəyimi dedim. Benalla özü də danışıq zamanı öz nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini bildirdi. Mənim isə bu işdə vəzifəm vəkil tapmaq, yerli nüfuza malik adamlarla tanış olmaq idi. Dedilər ki, gəminin bir ay sahildə qalması bir milyon dollar edir. Oteldə görüşərək müqavilə imzaladıq. Bizim işimiz ondan ibarət idi ki, yaxtanın üzərinə qoyulan həbsi götürərək beynəlxalq sularda üzməyini təmin edək.
Müqaviləyə əsasən bu işlərə Fərhad Əhmədov 6 milyon 140 min dollar ödəməliydi. Mənə dedilər ki, 1 milyon mənə veriləcək. Lakin mən razılaşmadım. 2 milyon 250 min dollar mənə, 3 milyon 290 min dollar isə Benallaya verilməli idi. Qalan pul da görülən işlərə gedəcəkdi. İlkin olaraq hesabıma 200 min dollar göndərildi. Benalla da 400 min dollar aldı. İş tam başa çatmadığı üçün qalan pul verilmədi. Müqaviləyə əsasən mən nüfuzlu şəxslərlə əlaqə yaradaraq yaxtanın azad olunması ilə bağlı danışıqlar aparmalı, həmçinin hüquqi yardımlarla bağlı vəkillərlə danışmalıydım. Benalla ilə ancaq telefon vasitəsilə əlaqə saxlamışam. Benalla da öz nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini deyirdi. Mətbuatdan oxuduğuma görə Benalla Rusiyada yaşayan milyarder İsgəndər Mahmudovdan külli miqdarda rüşvət aldığı üçün məsuliyyətə cəlb olunub”.