Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malik olsalar da, V çağırış Milli Məclisin üzvləri bu imtiyazda istifadə etməyiblər.
Milli Məclis üzvlərinə xidməti silahın verilməsi ilk dəfə 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:
“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.
Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah – tapança ala bilər.
Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunaraq, təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.
Onu da qeyd edək ki, qanunda deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Maraqlıdır, qanunun icazə verdiyi halda, niyə Milli Məclisin deputatları silah gəzdirmir?
“Silah gəzdirməyə ehtiyac vardı”
V çağırış Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağlamalı Modern.az-a bildirib ki, deputatın silah gəzdirməsi qanunla qadağan edilməyib, amma əsas məsələ buna zərurətin olub-olmamağıdır.