“Üç saylı Uşaq evində böyüyən Məhəmmədin başına gələnlərdən xəbərdaram, amma tam məlumatlı deyiləm. Bu barədə mətbuatda oxumuşam. Təbii ki, məsələ ilə hüquq-müdafiə təşkilatları gərək məşğul olsunlar, jurnalistlər ciddi araşdırmalar ortaya qoysunlar, həqiqətlər üzə çıxsın. Doğrudan da, şübhəli məqamlar varsa, çox ciddi şəkildə araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar. Bir insanın həyatını məhv etmək olmaz. Yayılan məlumatlarda deyilir ki, Məhəmməd barədə şikayət hadisədən bir ay sonra olunub və kamera yazıları da məhz bir ay sonra silinir. Telefonundakı zənglər, mesajlar da silinib. Bütün bunların hamısı şübhəli məqamlardır və ciddi araşdırmaya ehtiyac duyur. Əgər Məhəmmədlə bağlı parlamentə - İnsan hüquqları komitəsinə müraciət olacaqsa, biz digər aidiyyəti qurumlarla danışıqlar, müzakirələr apara bilərik”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev deyib.
“İstənilən halda, düşünürəm, Məhəmmədin vəkili ittihamın əsassız olması, şübhəli məqamlarla bağlı özü də ciddi ictimai kampaniya aparmalıdır. Mən də bu kampaniyaya qoşulmağa hazıram. Əsas məsələ budur ki, həqiqət üzə çıxsın. Heç kim günahsız yerə həbsdə olmasın, şərlənməsin, böhtanla üzləşməsin. Həqiqət lazımdır. Doğrudan da, həqiqət, ədalət olmayan yerdə inkişaf da ola bilməz. Bu da məni narahat edir. Düşünürəm, ictimaiyyət şübhəli məqamlar əksi sübut olunana qədər bu məsələni gündəmdə saxlayacaq, hər kəs də narahat olacaq. Aidiyyəti qurumlar da gərək Məhəmmədin məsələsinə münasibət bildirsinlər. Azərbaycanda Ombudsman İnstitutu var. Ümid edirəm ki, Məhəmmədin vəkili həm də hörmətli ombudsmana, Ombudsman İnstitutuna bununla bağlı müraciət edəcək. Onların məsələni nəzarətə götürməyə, araşdırmağa, həqiqətin üzə çıxması üçün tələb ortaya qoymağa hüquqları var. Təkrar edirəm, o cümlədən Milli Məclisin İnsan hüquqları komitəsi Məhəmmədin məsələsini aidiyyəti qurumlarla danışa, həqiqətin üzə çıxması üçün əlindən gələni edə bilər. Həqiqətlərin üzə çıxması cəmiyyətimiz, gələcəyimiz üçün də faydalıdır ",- deputat bildirib.