“Son vaxtlar hakimiyyət haqqında bacardıqca az tənqidi fikirlər söyləyirəm, çünki dövlətimizin ətrafında hansı proseslərin getdiyini çox yaxşı bilirəm. Yazdığım tənqidi fikirləri də dəfələrlə yoxladıqdan sonra bildirirəm. Son günlər dəfələrlə bir çoxları kimi mən də koronavirus testlərinin kəllə-çarxa çıxan qiymətindən, koronavirusa qədər su qiymətinə olan dərmanların indi qızıl qiymətinə satılmasından, maskaların bahalığından və keyfiyyətinin pis olmağından, bu sahələrdə də inhisarçılıqdan yazmışam. Bu günə qədər hansısa dəyişikliklərin olmasını görməmişəm. Əgər yeni adlandırdığım komanda məni artıq öz adamları, “rupor”ları sayırlarsa, çox səhv edirlər”.
“Yeni adlandırdığım komanda məni öz adamları, “rupor”ları sayırlarsa, çox səhv edirlər” – Aslan İsmayılov
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
“Belə bir dövrdə bu acgözlüyü heç kimə bağışlamaq fikrində deyiləm. Görünür ki, bir qrup üçün əxlaq, mənəviyyat, abır, Vətən, Dövlət hissləri yoxdur. Bundan sonra, artıq bu sahədə olan acgözləri, mədəsi çırıqları, satqınları araşdırıb adbaad göstərəcəm. Hər kəs bilməlidir ki, ölkədə kimin nə etdiyini hamı kimi mən də yaxşı bilirəm. Sadəcə, bu gün sükutumun səbəbi onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirməməkdir. Xəlvət dərədə tülkünün bəy olmasına heç kim yol verməyəcək. Mənim üçün belələri bu gün həbsdə yatan icra başçılarından da təhlükəlidir. Kimlərinsə acgözlüyünə görə vəzifə hərisləri, başı xarablar, debillər tərəfindən söyülmək fikrim yoxdur” – A.İsmayılov qeyd edib.