Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı həm dərin təhlil, həm də tarixi ismarıclar ehtiva etməsi ilə özünə xüsusi diqqət tələb etməkdədir.
Əlbəttə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizə artilleriya atəşi ilə zərbələr endirməsi və bu gözlənilməz zərbələr sonucunda bizim hərbçilərimizin həlak olması, yaralanması bu iclasada da əsas diqqət yetirilən mövzulardan oldu. Təcavüzkarlıq və terrorizmi dövlət siyasətinin tərkib hissəsi kimi sabitləşdirmiş işğalçı Ermənistanın, Tovuzdakı hadisələrin səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsi xüsusi ilə hiddət doğurur.
“Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atdı. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak oldu. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.
…Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz”, -bu sözlər cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışındandır.
Doğrudur, bizim dövlətimizin, ordumuzun, vətəndaşımızın işi yalnız və ya ön planda hiddətdən ibarət deyil. Bununla belə, düşmənin müharibə planındakı hərəkətləri və sülh planındakı hərəkətsizliyi o qədər nadürüst, namərd, müharibə qayda-qanunlarına qeyri-adekvatdır ki, hiddətlənməmək də əldə deyil. Necə deyərlər, Ermənistanın Azərbaycana münasibətdə, müharibə və sülh planındakı hərəkəti, hərəkətsizlikləri Ermənistana qarşı hər cür, bütün vasitələrlə mübarizə aparmağı əsaslı, haqlı qılır. Cənab Prezidentin öz sözləri ilə desək, “Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar”.
Təsadüfi deyil ki, hadisələrə həm operativ həm də təmkinlə yanaşan Azərbaycan dövləti, şəxsən dövlət başçımız Təhlükəsizlik Şurasının toplantısını çağırdı, orada ictimaiyyətə qiymətli məlumatlar verildi, qapalı müzakirələr aparıldı; və operativ vəziyyət imkan verən kimi jurnalistlər, diplomatlar Tovuza dəvət ediləcək, onlar vəziyyətlə yerindəcə tanış olacaq və görəcəklər ki, qanlı olayların günahkarı, ziyankarı kimdir, mülki əhalisi ziyan çəkən və məcburi cavab haqqını istifadə edən kimdir…
Tovuz hadisələri yalnız düşmənin miskinliyini deyil, eyni zamanda Azərbaycan ordusunda geniş ictimaiyyətin öncələr yaxından tanımadığı qəhrəmanlarımızı da bizlərə tanıtdı. Əfsanəvi general Polad Həşimov başda olmaqla, bütün şəhidlərimiz baş tacımızdır və neccəki bu xalq var, unudulmayacaqlar! Azərbaycan Prezidentinin Polad Həşimovun anası Səmayə xanıma, polkovnik İlqar Mirzəyevin oğlu Elvinə telefon açaraq, onlarla danışması, şəhidlərin intiqamının alındığını bildirməsi, onlarla ovqatlaşması, kədərlərini bölüşməsi dövlət nəzakəti, dövlət başçısı diqqəti və nəcabətinin təcallasıdır.
İndi sosial mediada, özəlliklə, düşmən tərəfin yaydığı informasiyalar içində bir çox yalan-yanlış “şəkil”lər, “video”lar paylaşılır, təxribatçı xəbərlər yayılır və bu mövzuda da, Nazirlər Kabinetinin iclasında, dövlətimizin ən ali, ən məsuliyyətli və şərəfli vəzifəsini daşıyan cənab İlham Əliyev tərəfindən verilən məlumat ürəklərə su səpdi, qürur bayrağımızı yüksəklərdə dalğalandırdı: “Düşmənin onlarla hərbçisi məhv edilib, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilib. O cümlədən onların postu və bütün infrastrukturu yox edilib.
…Son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq”.
Heç şübhəsiz, son günlər ərzində baş vermiş toqquşmalar, qanlı döyüşlər dövlətimizin, ordumuzun gücünü, xalq-iqtidar birliyini bir daha göstərdi – bu, çox mühümdür. Ön cəbhədəki əsgər, geridə qalanlardan – ən sıravi vətəndaşımızdan tutmuş, yüksək dövlət vəzifəsi daşıyan məmura, dövlət qulluqçusunadək– hamı güvən içində olmalıdır, əsgərin gözü arxada qalmamalıdır. Mən həm hadisələrin ilk günündən Tovuzda olan bir Millət vəkili kimi də təsdiq edə bilərəm ki, əsgərimizlə xalqımız, dövlətimiz bircandır, ruhubirlərdir, çox şükür! Belə bir gözəllik, əminlik, qürur qaynağı, vətənpərəvlik ocağını qoruyan Ali Baş Komandanımız baş olmaqla, dövlət ərkanımıza vətəndaş minnətdarlığımız var. Dövlətcanlılığın, dövlət üçün fədakarlığın – müstəqil dövlətə malik olmağın neməti, təcallasıdır bu!
Ermənistan tərəfindən törədilən hərbi toqquşmanın güncəl səbəblərindən biri, Ermənistanda mövcud siyasi-iqtisadi böhrandır. Paşinyan hökuməti öz vədlərinin altında qalıb və bunu ört-basdır etməkçün “xarici düşmən” obrazını sınaqdan keçirmək yaxud yenidən dövriyyəyə daxil etməkçün məhz dövlət sərhədi boyunca pozuculuğu uyğun bilib. İşə baxın ki, bizdə, Nazirlər Kabinetinin iclasında da daha çox iqtisadi blokda əldə edilmiş nəticələr və perspektivlər mövzusu ana mövzu idi;