ZİYALI QARAGÜRUHÇULUĞU
1917-ci ilin fevral ayında Rusiyada baş verən burjua inqilabından sonrakı dövrdə ən çox sevinən üç cinah vardı: qaragüruhçu ziyalılar, almanlar və bolşeviklər. Birincilər düşünürdülər ki, yeni rejimin qurulması ilə ölkədə Avropa demokratiyası çiçəklənəcək və böyük azadlıqlar əldə edəcəklər. Ona görə də ayrı-ayrı siyasi partiyalara doluşaraq inqilabın nəticələrindən bəhrələnməyə çalışdılar. İkincilər savaş apardıqları ölkəyə qarşı cəhbədə üstünlüyü götürmək üçün daxildəki siyasi qüvvələrə bu dəyişikliyin baş verməsi məqsədilə xeyli vəsait xərcləmişdilər. Üçüncülər isə düşünürdülər ki, təqiblər azalacaq və ilk fürsətdə hakimiyyəti ələ keçirib proletariat diktaturası adı Rusiyanın taleyini alt-üst edən eksperiment rejim quracaqlar. Bunun üçün onlara kömək edəcək tək vasitə vardı: o da ikincilər, yəni düşmən olan almanlar idi. Danışılmışdı. Onlar hücum edəcəkdilər, bunlar da orduda itaətsizlik təbliğatı aparıb Peterburqda hakimiyyəti zəifləmiş Müvəqqəti hökumətdən qoparıb alacaqdılar. Fevral inqilabından sonrakı proseslər birincilərin arzusunu ürəyində qoydu. Çünki yaranmış xaosun ən ağır zərbəsi fərq qoyulmadan ziyalılara dəymiş oldu. Bolşevizmin lideri Leninin məşhur ifadəsini xatırlatmaq burada yetərli olardı: “Ziyallıar nəcisdirlər” İkincilər və üçüncülər isə arzularına çatdılar. Reallıq bu idi ki, ortada uduzmuş, çökmüş, məhv olmuş bir Rusiya xarabalığı qalmışdı.
Hər dəfə erməni hücumu başlayanda onun layihəsini cızanların daxildə hansı qüvvəni hərəkətə gətirəcəyini izləyən dövlətin varlığını qorumaq üçün hər şeyə hazır insanlar narahatçılıqla gözləyirlər. Layihənin məzmununu gizlətmirəm: ermənilər hamilərindən təlimat alaraq hücum edir, düşmənin hücumunu siqnal olaraq qəbul edən qüvvələr hakmiyyət uğrunda amansız mübarizəyə başlayırlar, hakimiyyət bu çalxalanmada zəifləyir, yeni torpaqlar işğal olunur və nəticədə hakimiyyət dəyişir. İtirilən torpaqla qazanılan hakimiyyət daha zəifləmiş Azərbaycan reallığı ilə üz-üzə qalır. 1916-cı ildə başı cəbhədə savaşa qarışan çarın fərsiz və satılmış generalları ilə yanaşı hakimiyyət dəyişikliyini sürətləndirənlərin başında yuxarıda qeyd etdiyim qaragüruhçu ziyalılar gəlirdi. Onlar həm iqtidara, həm də xalq kütlələrinə xoş gəlmək istəyirdilər. İkisinə də həqiqəti söyləmirdilər. Hər iksinin də yanında etibarını, mövqeyini qorumağa çalışırdılar. İqtidar üstələyəndə onu doğru yönəlirdilər, xalq kütlələri üstələyəndə onun mədhiyyəçisinə çevrilirdilər. Təbii ki, öz romantizmi ilə məşğul olan, eləcə də inqilabın fəlakətini anlayan düşüncə adamları, gerçək ziyalılar da vardı və təhlükə barədə həyəcanla yazırdılar, hayqırırdılar.
Mən bir siyasi subyekt olaraq öz ölkəmin taleyi ilə bağlı narahatçılıq keçirərkən başqa ölkəyə aid bir tarixi təcrübəni təsadüfən xatırlatmadım. Tale elə gətirib ki, bizim bütün milli etiraz tədbirlərimiz Qarabağ dalğasında baş verən hadisələrdən qaynaqlanıb. Yəni o cəbhədə nə baş veribsə, bu cəbhədə dərhal onun dalğası nələrisə uçurub dağıda bilib.
1988-ci ilin məşhur mitinqində meydana ilk öncə biz tələbələr daxil olduq. Çıxışlar başlayanda anladıq ki, bizim Qarabağ məsələsində ciddi işlər görməyə Moskva qarşısında aciz olan yerli hakimiyyətimizi ruhlandırmaq, ona cəsarətli addımlar atmağa sövq etmək üçün düşündüyümüz bu tədbirin mahiyyəti alt-üst olmağa başlayır. Adamlar çoxaldıqca ”biz ölərik meydanı tərk etmərik” çağırışları artmağa başlayır. O zaman bir sadə tələbə düşüncəsi ilə təhlükəni hiss edərək mikrafona yaxınlaşdım və vəziyyətə öz baxışımı dolayı yolla ortaya qoyaraq belə bir sonluq təklif etdim: “qoy Az.Tv gəlib mitinqi çəksin, Sovet rəhbərliyi görsün ki, Azərbaycan xalqı öz tarixi ərazisi olan Qarabağda separatçılara qarşı mübarizə aparacaq. Oradakı, yəni Topxana meşəsindəki qanunsuz işlər dayandırılsın. Artıq etirazımızı çatdırdıq, bundan sonra biz dağılışaq”.
Hara dağılışırsan, kütlə meydana axın etdi və həqiqətən bir xalq izdihamı yarandı. Artıq Meydan bizlərin nəzarətindən çıxmışdı və tədricən Qarabağ kamuflyajının arxa cinahında başında yaşıl sarıqdan tutmuş “Vəziryan istefa” çığıranlara qədər meydan kənardan idarə olunan münbit bir siyasi etiraz məkanına çevrilmişdi. Beləcə Qarabağ problemini həll edəcək hansısa qüvvənin Meydan üzərində ruhani təzahürünü gözləyərək dağılışmaq istəməyən insanları çevrələyən sovet əsgərləri də hələlik sakitcə seyr edirdilər. Bizim meydanda həmin ruhani təzahürü gözlədiyimiz anlarda ermənilər sovet əsgərlərinin köməyi ilə azərbaycanlıları kütləvi şəkildə Ermənistandan qovurdular. Bu proses yekunlaşan kimi Bakıdakı sovet əsgərləri onsuz da yorğun və öləziyən meydanı boşaltmağa başladı. Meydan bizim enerjimizi öldürmüşdü və yalnız təsəlli tapırdıq ki, 18 gün orada yatıb dura bildik. Bu dəfə də rus əsgərləri meydanı azərbaycanlılardan təmizləyirdi. Ardından komendant saatı elan olundu və bütün millətin əl-qolunu bağladılar. Sovet komendatının qorxusundan küçəyə çıxa bilmədik və Qarabağda baş verənlərə hansısa təsir gücümüz qalmadı. Yerli hakimiyyət isə xalqdan daha çox bu komendatın dəstəyinə bel bağlamalı oldu. O zamandan siyasət fəlsəfəmizdə bir gerçək anlaşıldı ki, yerli hakimiyyəti iflic edəndə bunun ən çox faydasını düşmən görür. 1988-ci ilin Meydan hərəkatı öz möhtəşəmliyi ilə xatırlansa da bəlkə də uzun illər sonra Milli Dirçəliş günü deyil, Azərbaycanlların Ermənistanda son qovulma tarixi kimi yaddaşlarda həkk olunacaq.
20 yanvar ərəfəsi də eyni təfəkkür və zəka sahibləri yenə də iş başındaydı. İçində mənim də önəmli yerim olan radikal düşüncə sahibləri kütlənin yönləndirciləri idik və həmin dövrün ağlı ilə elə düşünürdük ki, Bakıda dirəniş ortaya qoymaqla Sovet rejimini çökdürəcəyik. Vəzirov bizi başa sala bilmədi ki, bu yol daha çox faciələr gətirəcək və üzümüzü parlment seçkilərinə istiqamətləndirə bilmədi. Barrikadalar qurmağa çağırdıq, son damla qanımıza qədər dirənişə çağırdıq, sonda yenə də plansız, proqramsız xaotik kütlə hərəkatı və ardınca məğlubiyyət, ölüm, hakimiyyət dəyişikliyi və yenə də fövqəladə vəziyyət. Sanki özümüz Sovet rejimini çağırırdıq ki, gəlin əlimizi-qolumuzu bağlayın, Qarabağda bildiyinizi edin.
Xatırlayıram, o zamanın hərəkatın ən məşhur lidelərindən biri şəhərdə qətliam başlayandan sonra məni və hələ də o dövrün xəstəliyindən qurtulmamış Əli Kərimovu Səttarxan zavodunun Mədəniyyət evindəki qərargaha çağırib masanın siyirtməsindən çıxartdığı ikişər əldə düzəlmə qumbara verərək, söylədi ki, gedin özünüzü tankın altına atıb partladın. Həmin qumbaraların partlayacağından əmin olsaydıq, bəlkə də bu tapşırığı Vətən naminə canla-başla yerinə yetirəcəkdik. Çıxarkən bir-birimizin üzünə baxıb heyrətlə söylədik ki, bu adam məsuliyyətsiz formada partlama ehtimalı olmayan qumbara ilə tələbə hərəkatının öncüllərini ölümə göndərir və fərqində deyil ki, bu hansı nəticə doğura bilər. Nəticəni düşünmədən küylə yönəldilən kütlə bu deməkdir. Sonradan buna şeir yazıb qəhrəmanlıq dastanı da, milli dirəniş də deyə bilərsən, ancaq bu cür siyasi başqatmalarda itirdiklərinlə müqayisədə qazancını tapa bilməyəcəksən. Qazancın yalnız dinc insanların qurban getdiyi Şəhidlər Xiyabanı olacaqdır ki, onun qarşısından keçəndə ən çox xəcalət çəkməli olanlar plansız, proqramsız o insanları küçələrə sürükləyən bizlər olacaqdıq. Anlayıram ki, təcrübəmiz yox idi, qlobal siyasəti oxumağa savadsız idik. Bəs illər keçəndən sonra 2020-ci ildə yenidən o taktikalara, o düşüncəyə qayıdış göstərmirmi ki, bizlər, sizlər zərrə qədər ağıllanmamışıq?
Xocalıdan sonrakı dövrdə yenə də dövlətə dəstək üçün Milli Məclisin qarşısına yığışmışdıq, özümüzə bir kvadratmetrdə yer-yurd edən kimi ağlımıza gəldi ki, fürsətdir, elə hakimiyyəti devirib biz də bu təamdan dada bilərik. Yenə də anlamadıq ki, bizim hakimiyyət həzzimizin bədəli Şuşanın, Laçının itkisidir. Qarabağ harayı meydana yığışıb güclənən kimi hakimiyyət ehtirasına çevrildi və yenə də plansız-proqramsız Azərbaycanın faciələrinə qapı açdıq. O zaman durumun ən təhlükəli yönü milli ordunun olmaması idi. Azacıq hakimiyyət boşluğu könüllü birlikləri daha da başıpozuq edirdi və hər nə qədər səmimi şəkildə qəhrəman oğullarımız Qarabağda dirəniş göstərsələr də, hakimiyyət boşluğu onlarda da intizam boşluğu yaradırdı və nəticədə ərazilər çoxlu şəhid qanı hesabına bir-bir itirilirdi.
İndi yeni bir dalğanın başlandığına sevinənlər var. Yenə də ermənilər hücum etmiş, yenə də qəhrəman əsgər və zabitlərimiz şəhid olmuş, yenə də insanların vətənpərvərlik duyğuları ən pik həddə çatmış. O zaman ki, ölkə erməni ilə yanaşı həm də dəhşətli bir virusla savaş içindədir. Normal insan həyatından əsər-əlamət qalmayıb. Küçəyə kütləvi şəkildə axın etmək epidemiyanın yayılması risqini artırdığına görə cəmiyyət narahatlıq keçirir. Lakin cəbhədən gələn ağır xəbərin ilk günündə orduya dəstəyi bəhanə edənlər gecə saat 12-dən sonra Qobudan, Xocahəsəndən şəhərin mərkəzinə doğru yürüməyə başladılar. İnternetdən də canlı yayın düzənləyərək insanları küçələrə çağırdılar. Şüar yenə də Qarabağ idi. “Kütlənin qarşısına kimsə çıxmadı” bəhanəsini tirajlayan ziyalı və ziyasız qaragüruhçuların yaddaşı da yerində olmadığına görə qeyd edə bilmirlər ki, Lökbatan dairəsində məhz icra başçısı, polis rəisi onların qarşısına çıxdı, şüarlarını dəstəklədi, alqışladı, xahiş etdilər ki, dağılışın. Əvəzində nə oldu? Dedilər ki, biz bu gecə vaxtı şəhərin mərkəzinə yürümək istəyirik. Anlaşıldı ki, bu artıq dəstək deyil, arxasında başqa niyyətin güdüldüyü bir yürüşdür. Çevik polisin əraziyə gəlişi ilə dirəniş göstərənlər zərərsizləşdirildi və yürüş dağıdıldı. Niyyət alınmamışdı. Cəbhədə savaş isə davam edirdi. Bu dəfə cəbhədə general və polkovnikin şəhid olması bütün insanları üzmüşdü, insanlarımız sarsılmışdı. Əlbəttə, insanlar şəhidlərə izdihamlı şəkildə sayğısını göstərməlidir. Sağlamlıq unuduldu, şəhidlərin ailə üzvlərinin yaşadıqları evə yürüdülər, ailəsinə dəstək verdilər, Sumqayıtda, Bakıda bu yürüşü davam etdirdilər. Bu zaman Azərbaycan ordusunun əsgər və zabiti göz yaşını silib yenidən düşməni dəf etməyə davam etdi. Yəni dövlətin başı cəbhə xəttində qarışıqdı. Bakıda isə insanlar yenə də Azadlıq meydanına yürüdülər. Duyğular anlaşılandı. Ardınca daha da yürümək istədilər. Şəhidlər Xiyabanına gəldilər. Bu da anlaşılandır. Və qəfildən Milli Məclisin qarşısında toplaşmağa qərar verdilər. 27 il öncənin təhtərşüuru sanki yenidən oyandı. Axı bu yürüşdürsə, sayğı göstərildisə, emosiyalar ifadə olundusa dərhal tamamlanmalı idi. Ancaq ali dövlət orqanının binasına görən kimi yenə də Qarabağ kamuflyajı ilə ora yığışanların hakimiyyət məsələsini çözmək ehtirası önə çıxdı. Orada səmimi şəkildə dövlətə, orduya dəstəyini ifadə edən insanlar da təəccüb qaldılar. Onların da səmimi niyyətlərini alt-üst edən zehniyyət yenə də qalib gəldi. Bunun ardınca qaragüruhçu ziyalıların ana tezisi bilirsiniz nə oldu? Niyə xalqın qarşısına heç bir deputat çıxmadı? Həm də bilə-bilə ki, gecə saat 1-də, o kütlənin qarşısına çıxan vəzifəli şəxslərin məlumatına əhəmiyyət verilməmişdi. İki gün öncə də Lökbatan dairəsində icra başçısını da dinləmək istəməmişdilər. Kütlənin qarşısına çıxan ağlı başında kimsə söyləməliydi ki, “Ay millət, çox sağ olun, dövlətə dəstək verdiniz, buyurun dağılışaq, karantin qaydalarını pozmayaq, polisi özümüzlə məşğul etməyək, dövlətin diqqətini cəbhə xəttindən yayındırmayaq”. Nə cavab veriləcəkdi? Bu taktikanı biz yaşamaışıq axı. “Biz deputat istəmirik, qoy müdafiə naziri gəlsin”. Ardınca daha kimlər, kimlər gəlsin. Sonda da kənarda əlavə insanların axışması ilə özgüvən artdıqca; “istefa verib getməsəniz dağılışmayacağıq” tələbi...
Bir daha düşünün: 1988-ci ildən başlayaraq kütlənin sevimli liderləri kim olurdu? Əsasən tətil və miting elan edənlər. Bir də hakimiyyəti istefaya çağıranlar. Əlbəttə, ziyalı da kütlənin qarşısına çıxırdı, Ancaq hansı obrazda? Kütlənin istədiyini bəlağətli tələffüz edən şəkildə. Azərbaycanda kimsə Şirməmməd Hüseynovun mitinqlərdə çıxış etdiyini görmədi. Edə bilməzdi. Çünki öz düşündüyü vardı və kimsənin öz düşündüyünə müdaxilə etməsinə imkan tanımırdı. Kütlə sevmirdi olu. Çünki o populizmi sevmirdi, tipik bir ziyalı idi, və bilirdi ki, erməniyə qarşı qəzəbi özümüzə qarşı yönəltmənin fəsadları cılız bir hakimiyyət ötürötürünə çevriləcək və Qarabağ məhz bu qarışıqlıqda itiriləcək. Ziya Bünyadov tribunaya ancaq Silva Kapitukyanı söymək üçün çıxa bilərdi. Əks halda düşündüklərini söyləsəydi tribunadan fitləyib salardılar. Aydın Məmmədov tribunaya yaxınlaşa bilməzdi. Çünki öz bildikləri vardı və aşağıdan gələn konspekti təkrar etməyəcəkdi. Zərdüşt Əlizadəni çoxdan şaqqalayıb kənara atmışdılar. Ziyalıya əsasən şeir deməyə icazə verirdilər: “Millət yoludur, haqq yoludur tutduğumuz yol”, “Davam edir 37-i, Daha kəskin, daha ciddi”, “Salam Gəncə qapısı!”, “Salam dar ağacı!” və s. Şeirdə emosiyaları yağlayan melodiya vardı və bu kütlənin əsəblərini coşdura bilirdi. Bir də Təbrizdən, Borçalıdan, Şumerlərdən, Akkadlardan danışmaq olardı. Respublika hakimiyyəti ilə hansısa məsələnin müzakirəsindən danışmaq siyasi intihar demək idi.
İndi götürüb keçmiş xronikaya baxın, bircə soyuqqanlı və proqram xarakterli çıxışa rast gələ bilməyəcəksiniz o meydanda. Sonrakı dövrlərdə də meydanda daha çox kütləni coşduran çağırışlar edənlər birər-birər söz qəhrəmanına çevrilirdi. Sonra həmin qəhrəmanların məsuliyyətsiz davranışlarının bədəlini millət olaraq bütün platformalarda ödəməli olduq.
Bu gün ölkəmizdə həmin dövrlərin mətbəxindən miras qalan sosial şəbəkəyə doluşmuş təhlükəli bir ziyalı qaragüruhçuluğu cücərməyə başlayıb. Sağlam mühakiməsi olan, prosesləri tarixi təcrübədən doğru təhlil edən gerçək ziyalıların, düşüncə adamlarının abırlı susqunluğundan yararlanaraq önə keçən bu qaragüruhçu ziyalılar əslində kütlə düşüncəsinə məğlub olublar. Məhz bu məğlubiyyət onları kütlənin sevimlisinə çevirib. Onlar qarşısındakı insanlarla danışanda ilk öncə FB-dakı özləri ağılda olanların bəyənmələrini gözə soxurlar. Onlar kütlənin bəyənmədiyi hansısa sözü dillərinə gətirməzlər. Xurafatın, cəhalətin, yobazlığın başını sığallayarlar ki, söyülməsinlər. Hakimiyyətdən hər şeyi gizli formada istəyərlər, ala bilmədikdə kütlənin qatı tərənnümçüsünə çevrilirlər.