İyulun 12-dən etibarən Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində Tovuz istiqamətində atışmalar başlayıb. Nəticədə düşmənin çoxlu sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Amma işğalçı ölkə ölənlərin sayını gizlədərək “gözdən pərdə asmağa” çalışır.
Ordumuzun qətiyyətli mübarizəsi, göstərdiyi şücaət cəmiyyətimizdə böyük ruh yüksəkliyi və döyüş əhval-ruhiyyəsi yaradıb. Xalqımız bir yumruq kimi birləşərək daim Ali Baş Komandanın yanındadır. Minlərlə vətəndaşın cənab Prezidentə müraciət edərək səfərbərlik istəməsi, torpaqlarımızı geri qaytarmaq yanğısı qürurverici haldır. Xalqımız birlik və həmrəylik göstərərək düşmən tapdağında olan ərazilərimizi azad etməkdə qətiyyətlidir.
Proseslə bağlı “Sherg.az”a danışan millət vəkili Musa Qasımlı bildirib ki, dövlətimizin bir nömrəli marağı işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməsidir. Parlament üzvü vurğulayıb ki, dövlətimiz sərhəddə hər hansı bir iğtişaşın olmasının marağında deyil:
“Bizim bir marağımız var. O da torpaqlarımızın işğaldan azad etmək. Tovuzun sərhəd xəttindən sonrakı torpaqlar da bizim tarixi torpaqlarımızdır. Bunu hər kəs bilir”.