Azərbaycanda korrupsioner məmurların həbsi prosesi çox böyük maraqla izlənilir. Prezident İlham Əliyevin kəskin çıxışları fonunda icra başçıları həbs olunur, nazirliklərdə həbslər gerçəkləşdirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin 2019-cu il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov, habelə, Yevlax şəhərinin keçmiş icra başçısı Qoca Səmədovu saxlayandan sonra bir çoxları prosesin başa çatdığını düşünürdü. Amma bitmədi. DTX-nın bir gün sonra yaydığı məlumatlarda deyilirdi ki, Quliyev, Səmədov və digər şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər və vəzifə səlahiyyətlərindən sui-istifadə, dəfələrlə böyük ölçüdə rüşvət alma, mənimsəmə və Cinayət Məcəlləsində nəzərdə tutulmuş digər cinayətlərdə şübhəli şəxs qismində saxlanılıblar.
İllərdir Azərbaycanda icra hakimiyyətlərinin başçılarından şikayətlər səngimək bilmir. Məsələn, 2012-ci ildə Qubada, 2013-cü ildə İsmayıllıda baş verən etiraz aksiyaları da məhz yerli icra hakimiyyətlərinin fəaliyyətinə olan etiraz idi. Yerlərdə icra başçılarının fəaliyyəti ümumilikdə başçıların feodal təfəkkür sahibi obrazını formalaşdırmışdı. Ancaq Ağstafanın icra başçısının və onun müavininin birbaşa kabinetində, eləcə də Yevlaxın keçmiş icra başçısının saxlanılması və onların korrupsiyada ittiham olunması xeyli marağa və təəccübə səbəb oldu. Bundan sonra isə DTX qara maskalıları digər icra hakimiyyətlərində də bir-birindən uğurlu əməliyyatlar keçirildi. İş yerində, hətta evində rüşvət alan icra başçıları qandallandı. Az keçmədi ki, İcra Hakimiyyətindəki əməliyyatlar mərkəzi icra orqanlarına da sirayət etdi. Mədəniyyət və Xarici İşlər Nazirliklərindəki korrupsiya bataqlıqlarının “qurudulması” üçün addımlar atıldı. Maraqlıdır ki, məmurlar sanki kar və kordurlar. Prezidentin çıxışları bu adamların qulaqlarına heç çatmır sanki.
Məsələn, Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı prezident deyib:
“Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır”.
Dövlət başçısı bildirib ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq: “Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”.
Prezidentin bu çıxışından 1 ay sonra DTX məlumat yayaraq iyulun 3-də XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə", Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə "rüşvət alma faktlarına" görə həbs edildiklərini açıqladı.
Dövlət başçısının çıxışlarındakı anonslar onu deməyə əsas verir ki, məmur həbsləri davamlı olacaq, korrupsiyaya bulaşmış hər bir məmur başının üstündə DTX-nın qaramaskalı əməliyatçılarını görə biləcək. Bununla belə əli təmiz olmayan, illərlə oğurlamağa, vəzifə səlahiyyətlərindən sui-istifadəyə vərdiş etmiş məmurlar var ki, hər addımda vətəndaşın cibini kəsirlər.