“İyulun 12-dən başlayaraq işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb. Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasında yer alıb. Doğrudur, şəhidlərimiz, yaralılarımız da oldu. Bunu təəssüflə qeyd edirik. Nəzərə almaq lazımdır ki, istənilən müharibədə tərəflər itkilərə də məruz qalırlar. Təbii ki, düşmən Ermənistan daha çox itki verdi. Həm canlı qüvvə, həm də texnika baxımından... Azərbaycan Ordusu onlara çox sarsıdıcı zərbələr endirdi, düşməni susdurmağı bacardı. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı sosial layihələr həyata keçirilir, humanist addımlar atılır. Bu işdə Prezidentin ən yaxın silahdaşı ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Artıq hər bir vətəndaş Mehriban xanıma ümid yeri kimi baxır. Mehriban Əliyeva humanist addımları ilə hər zaman seçilib”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov qeyd edib ki, Mehriban Əliyevanın tapşırığına əsasən, Tovuz rayonu istiqamətində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Heydər Əliyev Fondunun nəzarətində olacaq: “Bu, bir daha sübut edir ki, Mehriban Əliyeva hər zaman olduğu kimi, bu gün də Azərbaycan vətəndaşının yanındadır. Əminəm ki, həmin ailələr daim diqqət mərkəzində saxlanılacaq. Bir deputat, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri kimi Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bir vətəndaş kimi qürur hissi keçirirəm. Bu, Azərbaycan Ordusuna ruh yüksəkliyi verir ki, dövlət onların yanındadır”.
C.Osmanov bildirib ki, çaşqınlıq yaradan məlumatların yayılması narahatedicidir: “Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşib, dövlət başçısının əmrini gözləyir. Bütün dünya azərbaycanlıları həmrəylik nümayiş etdirirlər. Mehriban Əliyeva xalqa müraciətində qeyd edib ki, bu həmrəylik, birlik bizi zəfərə aparacaq. Tovuz istiqamətində baş verənlər zamanı da gördük, ondan da əvvəl görmüşük ki, müxtəlif üzdəniraq, Azərbaycanı sevməyən qüvvələr təxribatla məşğul olurlar, düşmənə xidmət etdiklərini göstərirlər. Məlumat yayırlar ki, guya Azərbaycan Ordusuna daha çox zərbə dəyib, hətta iddia edirlər ki, böyük bir diviziya vurulub. Bu məlumatı yayanlar dövlətə xəyanət edirlər. Belə qüvvələr həm ölkə daxilində, həm də xaricdə mövcuddur. Belə insanlar üzə çıxarılaraq cəzalandırılır. Mehriban xanım bu məsələyə xüsusi toxunmuşdu. Bu, həm də həmin insanlara mesajdır. Ölkəmizdə xalq-iqtidar birliyi var, yalan məlumat yayıb çaşqınlıq yaratmaq istəyənlər istəklərinə nail ola bilməyəcəklər. Mən də öz növbəmdə çağırış edirəm, vətəndaşlar ayıq-sayıq olsunlar, saxta məlumatlara inanıb yaymasınlar, rəsmi xəbərlərə istinad etsinlər. Həmrəyliyimiz bizi qələbəyə aparacaq. Biz birlikdə güclüyük!”