Məlum olduğu kimi, ölkənin 14 şəhər və rayonlarda sərt karantin rejimi iyulun 20-dən etibarən daha iki həftə də uzadılıb. Lakin bununla belə, küçəyə çıxmaq üçün alınan SMS icazənin müddəti 2 saatdan, 3 saatadək uzadılıb, karantinə görə bağlanmış bəzi xidmət sahələri, o cümlədən bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilib.
Rəsmilər koronavirusla bağlı ölkədəki vəziyyəti nəzərə alaraq, bu cür qərar verdiklərini açıqlayıblar. Bununla belə, sevindirici haldır ki, artıq bir neçə gündür ölkədə virusa yoluxanların sayı azalmağa doğru gedir. Əgər əvvəlki həftələrdə virusa yoluxanların sayı 550 nəfərdən aşağı düşmürdüsə, artıq son iki gündə bu rəqəm 100-150 nəfər az qeyd olunur. Məsələn, ötən günün statistikasına görə 369 nəfərdə yoluxma qeydə alınıb. Virusdan sağalanların da sayında yüksək rəqəmlər qeydə alınmaqdadır, son rəqəmə görə sağalanlar 523 nəfərdir.
Bəs son iki həftəlik sərt karantin rejimi daha böyük dəyişikliklərə gətirib çıxara bilərmi? Ekspertlərin sərt karantin rejiminin uzadılmasına münasibəti necədir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Adil Qeybulla sərt karantin rejiminin daha iki həftə uzadılmasının heç bir əhəmiyyəti olmadığını bildirdi: “Bir tərəfdə karantin rejimi elan olunur, digər tərəfdə isə ictimai nəqliyyatda sıxlıqdır. Gedin kənardan ictimai nəqliyyatı izləyin. Baxın, görün orada karantin varmı?
O gün ordumuza dəstək yürüşündə yüz minlərlə insan küçəyə çıxdı. Təsəvvür edin, nə qədər maskasız insan bir-biri ilə ünsiyyətdə, təmasda oldu, sosial məsafə gözlənimədi. Bundan sonra karantinin hansı əhəmiyyəti var? Bu, artıq kollektiv immunitetə getməkdir.
Rusiya mətbuatında yayılan məlumata görə, Moskva əhalisinin təxminən 60 faizi koronavirusa yoluxmuş vəziyyətdədir. Ən azı 70 faiz insanın virusa yolxuması kollektiv immunitetə getmək deməkdir. Bizdə də vəziyyət təxminən bu cürdür".
Adil Qeybulla son günlərdə ölkədə virusa yoluxanların sayının azalmasına da münasibət bildirib:
“Ümumiyyətlə, ölkədə koronavirusa yoluxma ilə bağlı elan olunan rəsmi rəqəmlərə əsaslanmaq olmaz. Çünki bilirik ki, əksər insanlar özləri həkim tapır, qeydiyyata düşmədən evdə müalicə alır. Onların sayı yetərincədir, hətta deyərdim ki, xəstəxanaya müraciət edənlərdən dəfələrlə çoxdur. Bu səbəbdən real vəziyyət tamamilə başqadır”.
Professor sərt karantin rejiminin bundan sonra ləğv edilməsinin daha məqsədəuyğun olduğunu bildirdi: “Sərt, ”evdə qal" karantin rejiminin ləğv olunmasının tərəfdarıyam. Amma bir şərtlə ki, insanlar bundan sonra da karantin qaydalarına ciddi əməl etsinlər, maska taxıb, sosial məsafə gözləsinlər, əllərini mütəmadi dezinfeksiya etsinlər. Metro, ictimai nəqliyyata, qapalı yerlərə qətiyyən maskasız girmək olmaz. Yəni insanların davranışlarına ciddi nəzarət etmək lazımdır. Yoxsa ki, “evdə oturun” deyirlər, insanlar da bir qədər evdə oturur, sonra düşüb həyətdə domino oynayır, başqaları ilə ünsiyyətdə, təmasda olurlar. Bina evlərinin həyətlərinə gedib, kənardan izləmisinizmi? Belə karantin olmur axı".
Adil Qeybulla bildirdi ki, insanların evdə qalıb, təmiz havadan, günəş şüalarından məhrum olması gələcək aylarda öz fəsadlarını göstərəcək: “Koronavirus pandemiyası bitdikdən sonra insanların sağlamlıqlarında başqa problemlər ortaya çıxmağa başlayacaq. Bütün bunları unutmaq olmaz”.
Psixoloq Azad İsazadə isə qeyd etdi ki, karantin rejimi psixoloji baxımdan hər zaman insanlara mənfi təsir göstərib:
“Amma biz riskləri ölçüb-biçib, sonra seçim etməliyik. Yəni iki problemdən birini seçməliyik - ya koronavirusa yoluxmalı, ya da psixoloji, maddi və sosial problemlərlə yaşamalıyıq.
Təcrübə də göstərdi ki, bundan əvvəl karantin rejimi yumşalan kimi ölkədə yoluxanların sayı artmağa başladı. Yalnız ikinci karantin rejimindən sonra insanlar, cəmiyyət real virus təhlükəsini anlamağa, dərk etməyə başladı. Bunun da öz səbəbləri var. Əvvəllər mənbəyi məlum olmayan yerlərdən antivirus təbliğatı aparılırdı və bu təbliğat həddən artıq çox idi. Söhbət təkcə Azərbaycandan getmir, bütün dünyada vəziyyət bu cür idi. İnsanlar bu təbliğatların təsiri altında real təhlükəni görmür, müdafiə reaksiyası vermir, uzun müddət karantin stresində qalmaq istəmir, əvvəlki sərbəst yaşayış tərzində qalmaq istəyirdilər.
Lakin sonra qohumlar, dost-tanış arasında virusa yoluxanların və ölənlərin sayı artdıqda, insanlar reallığı qəbul etməyə başladılar və bu zaman karantin stressinin təsiri azalmağa, virusa yoluxma qorxusunun stressi artmağa başladı.
Hazırda şahidi oluruq ki, virusa yoluxanların sayı getdikcə azalmağa doğru gedir. Lakin bu, təhlükənin azalması demək deyil. Biz hər zaman qaydalara əməl etməli, özümüzü, yaxınlarımızı bu virusdan qorumalıyıq.
Doğrudur, sərt karantin rejimi daha iki həftə artırıldı. Lakin məlum məsələdir ki, nə qədər sərt adlandırsaq da karantin rejimi müəyyən qədər yumşaldılıb. Məsələn, ən azından 3 saatlıq küçəyə çıxmaq olur, bərbərxanalar, gözəllik salonları işləməyə başlayıb. Və biz artıq anlayırıq ki, hazırkı vəziyyət belə davam etsə, gələcəkdə, yəni iki həftədən sonra bir qədər də yumşalma ola bilər".