"Xalqı təhqir edən bu şəxs cəzalanmalı, mandatı əllərindən alınmalıdır”.
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirovun onun əvvəllər səsləndirdiyi bəzi fikirlərinə müxtəlif səpkidə münasibət bildirənlərə "məni tənqid edənlər 30 min ermənidən törəyənlərdir” deməklə etik çərçivəni aşanreaksiyasına münasibət bildirərkən Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərova deyib: "Cəmiyyətimiz Elman Nəsirovdan bu cür sayıqlamalar eşitməyə öyrəşib. Çox təəssüf ki, bəzi vəzifəli şəxslər, xalqı təmsil edənlər, məmurlar xalqı aşağılayan, təhqir edən ifadələr işlədir. Heç kəs Elman Nəsirovun fikirlərinə o qədər də ciddi yanaşmır.Azərbaycan mühüm beynəlxalq təşkilatların üzvüdür və bir sıra beynəlxalq paktlara imza atmışıq. Hər hansı bir millətin kökü ilə bağlı onlara ksenofobik yanaşma tərzi rəsmi şəxs tərəfindən səsləndiriləndə belə hallar hesabatlarda qeyd olunur və bu müstəvidə də ölkəmizə əlavə problemlər yaradır. Boş-boş sayıqlamalarla çıxış edən bu şəxs bilir ki, həmin fikirləri cəmiyyət tərəfindən gülüş obyektinə çevriləcək”.
G. Səfərova yüksək vəzifəli şəxslərin dövləti və xalqı aşağıladığı üçün Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Milli Məclis rəhbərliyinə rəsmən müraciət etmək niyyətində olduğunu dedi: "Bu yaxınlarda biri də xalqa "it sürüsü” demişdi. Elman Nəsirov, Fazil Mustafa bunlara görə xalqdan üzr istəməlidir. Bu məsuliyyətsiz çıxışların siyasi tərəfi də var. Tam haqlı olaraq qeyd edirik ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Qarabağ ərazimiz olduğundan orada yaşayan qeyri millətlər də Azərbaycan vətəndaşlarıdır.Belə olan halda, həmin insanları təhqir etməyimiz Azərbaycana heç də başucalığı gətirmir”.
Həmsöhbətimizin fikrincə, adını millət vəkili qoyduğumuz təyinatlı deputatların belə çıxışlarından sabah Azərbaycan əleyhinə istifadə olunacaq: "30 min ermənidən törəmə demək nə deməkdir? Bu adam həmin sözün məsuliyyətini dərk edir? Dərk etmir. Onun bu sərsəmləsinin Azərbaycan üçün heç bir xeyri yoxdur. Xalqı təhqir edən bu şəxslər cəzalanmalı, mandatı əllərindən alınmalıdır. Kim onu təyin edibsə, çağırıb qulağını bursun ki, xalqı təhqir etmək olmaz”.
"Üzr istəməli, ən azından dediyi sözlərə açıqlıq gətirməlidir”.