Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb.
Pravda.az xəbər verir ki, görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətinə baş vermiş hadisələr və digər məsələlər ətrafında müzakirələr olub.
Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, atılan məqsədyönlü və ardıcıl addımlar nəticəsində yoluxmaların sayının azalmasına nail olunub. Xarici ölkələrdən cəlb olunan mütəxəssislər virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərirlər və artıq müsbət nəticələr əldə etmək mümkün olur.
Anar Ələkbərov görülən işlərdə dövlətin çağırışlarına dərhal cavab verən, dəstək göstərən özəl sektorun rolunu da xüsusi qeyd edib. Bildirib ki, xarici mütəxəssislər də ölkəmizdə bu işin daha yaxşı və düzgün aparıldığını dəfələrlə vurğulayıblar. Bütün bunlar ölkəmizin tezliklə bu ciddi problemin öhdəsindən gələcəyini deməyə əsas verir. Bunun üçün daha həmrəy olmalı və vətəndaş kimi məsuliyyətimizi artırmalıyıq. Xüsusi karantin rejimində proseslərin mərhələli şəkildə yumşaldılmasından danışan Anar Ələkbərov addımların düşünülmüş şəkildə atıldığını, hazırkı dövrdə pandemiyanın yenidən sürətlə yayılması təhlükəsinin aradan qaldırılması üçün vətəndaşların dövlətlə həmrəylik nümayiş etdirməsinin və medianın, ictimaiyyət nümayəndələrinin bu sahədə təbliğatla bağlı dəstəyinin vacibliyini vurğulayıb.