Bu gündən etibarən Amerika Birləşmiş Ştatları Konqresi rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdı. Belə ki, ABŞ Konqresinin Qaydalar komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət katibi Müdafiə katibi ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib ki, Amerika Birləşmiş Ştatları Konqresinin hazırda Ermənistan tərəfinin ölkəmizin sərhədlərində apardığı təxribat zamanı belə bir qanunu qəbul etməsi, təbii ki, ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin bəhrəsi və diplomatiyamızın çox böyük uğurudur. Xüsusilə vurğulamaq yerinə düşər ki, Ermənistan lobbisinin dayaqları olan ölkələrdən biri də təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarıdır, hansı ki, qeyd olunan aktların qəbulu zamanı da özlərinə məxsus şəkildə çətinlik yaratmağa cəhd etmişlər. Lakin qeyd olunan hadisələr fonunda ABŞ Konqresinin belə bir qanun qəbul etməsi, əslində, ABŞ-ın Azərbaycanı strateji tərəfdaş olmaqdan əlavə, Cənubi Qafqazın şəriksiz lideri olaraq görməsinin əyani təzahürüdür.
Qəbul edilmiş 296 saylı qanunda müəyyən vəzifələr nəzərdə tutulub ki, bunun da ən əsası Ermənistan tərəfindən qeyri-qanuni işğal zamanı öldürülmüş şəxslər barədə hesabatların hazırlanmasıdır. Artıq Ermənistan tərəfinin törətdiyi qırğınlar və apardıqları təcavüzkar siyasətin nəticəsi barədə hər il Amerika Birləşmiş Ştatları Konqresində hesabatlar dərc ediləcək və dünyanın diqqətinə çatdırılacaq. Həmçinin həmin hesabatlarda Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə məcburi olaraq ata-baba yurdlarını tərk etməyə məcbur olmuş məcburi köçkünlər barədə məlumatların alınması nəzərdə tutulub.