“Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür”.
Pravda.az-ın xəbərinə görə, bunu “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan dövlətimizin başçısı, cənab Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir, bu şərtin əsaslarını mükəmməlliklə təhlilini aparır. O, bu barədə fikirlərini bölüşərkən vurğulayıb ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin: “Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.