Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılov milli mətbuatın 145 illik yubileyi münasibətilə müsahibə verib.
Əhməd İsmayılovun müsahibəsini təqdim edirik:
– Əhməd müəllim, Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur. Yubileylə bağlı KİVDF hansı işlərin görülməsini planlaşdırır və görür?
- Suala görə təşəkkür edir və müsahibənin əvvəlində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Bildiyiniz kimi, müharibə təkcə cəbhədə, qoşunların təmas xəttində deyil, həmçinin informasiya məkanında da davam etməkdədir. Bu gün cəbhədə böyük şücaət göstərən hərbçilərimizlə yanaşı, informasiya müharibəsində qələmlərinin nə qədər güclü olduğunu bir daha nümayiş etdirən kütləvi informasiya vasitələrinin nümayəndələrinə dərin təşəkkürümü bildirir və hər birini milli mətbuatımızın 145 illik yubileyi münasibətilə təbrik edirəm.
Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamına uyğun olaraq tədbirlər koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi qaydalar nəzərə alınmaqla reallaşdırılır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən iyul ayı ərzində milli mətbuatın 145 illik yubileyi ilə bağlı “Əkinçi”dən başlayaraq bu günümüzədək çap olunan qəzetlərin onlayn sərgisi və Həsən bəy Zərdabinin Zərdab rayonundakı xatirə muzeyinə virtual səyahət təşkil olunur. Sərgi və virtual səyahət KİVDF-nin rəsmi saytı vasitəsilə reallaşır. Bundan əlavə, ötən ayın 23-də fond tərəfindən milli mətbuatın 145 illiyi münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdi. Müsabiqə qaliblərinin adları elə bu əlamətdar gündə məlum oldu. İlk dəfə idi ki, televiziya və radio əməkdaşlarına da müsabiqədə iştirak etmək imkanı yaradılmışdır və onlar da fəal iştirakçı oldular, qaliblər sırasına yüksələ bildilər. Fürsətdən istifadə edərək, qalib jurnalistləri təbrik edir, müsabiqəyə göstərdikləri böyük maraq üçün təşəkkürümü bildirirəm.
Qeyd etmək istəyirəm ki, qarşıdakı günlərdə jurnalistlər üçün əcnəbi ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək, bununla da qələm sahiblərinin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində daha bir addım atılmış olacaq. Eyni zamanda, vurğulayım ki, sahəvi jurnalistikanın inkişafına nail olunması istiqamətində işlər həyata keçiriləcək. Hazırda bununla bağlı təhlillər aparılır və ümid edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət nəticəyə nail olacağıq. Sualınızla bağlı daha bir məqamı qeyd edə bilərəm. 145 illik yubileyə həsr olunmuş, milli mətbuatın inkişaf yolundan bəhs edən sənədli film və videoçarx hazırlanıb. Rəsmi sosial şəbəkə hesablarımız və eyni zamanda, televiziya kanallarında bu gündən etibarən videoçarxımız yayımlanmaqdadır, filmimiz də bu günə töhfə olaraq nümayiş etdiriləcəkdir.
“Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı xüsusi yubiley jurnalının nəşr edilməsi də nəzərdə tutulan işlər sırasındadır. Bundan əlavə, qəzet redaktorları üçün dünyada çap mediası sahəsində tendensiyalar və idarəetmə mövzularında xarici mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması da fondun gündəliyində duran məsələlərdəndir. Qəzetlərin oxunaqlığının artırılmasında dizayn və rəng məsələləri də böyük önəm kəsb edir. Çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir və bu, davam etdiriləcək. Sevindirici haldır ki, artıq bir sıra redaksiyalar fondun təklif etdiyi yeniliklərə qoşularaq qəzetlərini rəngli formatda çap etdirirlər. Bundan əlavə qeyd edim ki, dünya təcrübəsi nəzərə alınmaqla, “E-qəzet” formatının tətbiqi barədə də təhlillər aparılır və nəticələrə uyğun surətdə təkliflərimiz olacaqdır. Vurğulamaq istədiyim daha bir məqam da ondan ibarətdir ki, hazırda onlayn media ilə fondun əməkdaşlıq imkanları təhlil edilməkdədir. Təhlilin nəticəsinə uyğun olaraq yaxın gələcəkdə maraqlı və səmərəli layihələrlə çıxış etməyi düşünürük.
-Tarix baxımından 145 il az müddət deyil. Milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salsaq hansı məqamları qeyd etmək olar?
-Əminliklə söyləyə bilərik ki, Azərbaycan mətbuatı ötən dövr ərzində zəngin və şərəfli yol keçib. XIX əsrin sonlarında Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız həmin dövrdə ağır sınaqlara məruz qalsa da, tutduğu şərəfli yoldan dönmədi. Belə bir şərəfli missiyanın həyata keçirilməsində “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”dən başlayan ənənələrə sadiq qalaraq öz mənəvi vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Milli mətbuatımız yarandığı gündən Azərbaycan xalqının ictimai-siyasi həyatında böyük rol oynamağa başladı. Bu, özünü ən çox xalqımızın maarifləndirilməsində, milli şüurun formalaşması və inkişafında, azadlıq arzularının gerçəkləşməsində göstərdi.
XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən məlumat və söz azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə senzuranın, mətbuatın üzərindən dövlət nəzarətinin aradan qaldırılması, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.