AzərTac Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifovanın jurnalistikanın və informasiya siyasətinin hazırkı vəziyyətilə bağlı məqaləsini dərc edib. Həmin məqaləni öz oxucularına təqdim edirik:
Milli mətbuatımızın təməl prinsipləri, ənənələrə sadiqlik və müasir çağırışlara hazırlıq
Biz Azərbaycan milli mətbuatının 145 illiyini qeyd edirik. Görkəmli maarifçi-publisist Həsən bəy Zərdabi banisi olduğu “Əkinçi” qəzeti ilə gələcək nəsillərin rəhbər tuta biləcəyi 3 təməl prinsipi - maarifçilik, müasirlik və istiqlal məfkurəsini müəyyən etmişdir. Tarixin mürəkkəb mərhələlərindən keçməsinə baxmayaraq, həmin prinsiplər bu gün də aktualdır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımızın görkəmli mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəvi dəyərlərin və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər.
Təsadüfi deyil ki, müstəqilliyimiz bərpa edildikdən sonra milli mətbuatın inkişafının yeni dönəmi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə yeni siyasi-iqtisadi münasibətlərə transformasiya çərçivəsində həyata keçirilən fundamental islahatların tərkib hissəsi kimi 1995-ci ildə yeni Konstitusiya qəbul olunub, insan hüquq və azadlıqları kontekstində dövlətin informasiya siyasətinin prioritetləri müəyyən edilib, 1998-ci ildə senzura ləğv olunub, media üzərində dövlət nəzarəti aradan qaldırılıb və mətbuatın inkişafı üçün yeni perspektivlər açılıb. Ötən illər ərzində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir çox tədbirlər həyata keçirilib.
Bu kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan Prezidenti mətbuatın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Cəmiyyətin həyatında mətbuatın rolunun durmadan artdığını, onun fəaliyyətində obyektivlik və sosial məsuliyyət prinsiplərinin, ictimai rəyə kənar təsirlərin artdığı şəraitdə vətənpərvərliyi və milli maraqları daim rəhbər tutmasının, informasiya mübarizəsinin kəskinləşdiyi hazırkı dövrdə beynəlxalq media məkanına çıxaraq, ölkəmizin maraqlarını müdafiə etməsinin zəruriliyini dəfələrlə vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin milli mətbuatın 145 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamında milli mətbuatımızın növbəti inkişaf mərhələsində fəaliyyət prinsipləri və istiqamətləri müəyyən edilib. Sərəncamda:
• kütləvi informasiya vasitələrinin də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmaması;
• qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşması;
• cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində səylərini daha da gücləndirməsi ilə bağlı gözləntilər əks olunub.
Bunlardan əlavə, Sərəncamda medianın inkişafını şərtləndirən əsas amillər kimi modernləşmə, rasionallıq, kreativlik, obyektivlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi sadalanır.
• Modernləşmə - cəmiyyəti irəliyə aparan bütün mütərəqqi dəyişikliklərin məcmusudur. Bu baxımdan medianın üzərinə düşən məsuliyyət modernləşmənin mənfi aspektlərindən qorunmaqla yanaşı, mütərəqqi yenilikləri əxz etməkdən ibarətdir.
• Rasionallıq – medianın rəhbər tutmalı olduğu ən önəmli prinsiplərdən biridir. Hər bir media nümayəndəsi, jurnalist fəaliyyətinin auditoriyaya mümkün təsirlərini, cəmiyyətdə doğuracağı reaksiyaları əvvəlcədən hesablamalı və dərk etməlidir. İnformasiyanın təsir imkanlarının qabaqcadan planlaşdırılması və ölçülməsi peşəkar kommunikasiyanın ən önəmli komponentlərindən biridir.
• Kreativ media bütün texnoloji, sosial innovasiyaları öz fəaliyyətinə uğurla inteqrasiya edən, yeni kommunikasiya üsullarının geniş tətbiqinin öhdəsindən gələn, habelə oxucularla interaktiv ünsiyyətə daxil olmağı bacaran mediadır.
• Obyektivlik - müasir medianın funksional zəruriliyini müəyyən edən ən başlıca prinsipdir. Obyektivlik olmadan müasir cəmiyyət mövcud informasiya xaosunda həqiqət və qərəz arasında seçim etmək imkanından məhrum olur. Obyektiv media həqiqətin aynası mövqeyindən yayınmayan, ictimai fikirdə çaşqınlıq yaratmaq bahasına qazanılan populyarlıqdan çəkinən və həqiqəti rəhbər tutan mediadır.
***
24/7 rejimdə informasiya axınının səmərəli idarə edilməsi, “fake news” və “deepfake” texnologiyaları dövründə həmin prinsiplərin rəhbər tutulması, informasiya təhlükəsizliyinin təmin edilməsi ən aktual məsələlərdən biridir. Bu isə klassik, yeni, sosial media, ümumilikdə kommunikasiya sahəsində konseptual və praktiki yanaşmaları özündə ehtiva edən sistemli işin qurulmasına əsas yaradır.
İnformasiya hər zaman cəmiyyətin inkişafını şərtləndirən, onun fəaliyyət istiqamətlərini müəyyən edən amillərdən biri olub. Rəqəmsal erada isə informasiyanın cəmiyyətdəki proseslərə təsir imkanları heç vaxt olmadığı qədər artıb. Bu, ilk növbədə, informasiyanın yayılma sürətinin artması ilə bağlıdır. Bu artımın başlıca hərəkətverici qüvvəsi isə internetdir. Analitiklərin fikrincə, bəşər tarixi bütövlükdə 12 ekzabit informasiya istehsal etdiyi halda, son 2 ildə eyni həcmdə əlavə informasiya istehsal olunub. Məsələn, 2015-ci ilin məlumatlarına görə, dünyada hər dəqiqə 5 milyon videoya baxılır, internetdə 2,6 milyon sorğu verilir, 600 sayt yaradılır.
Sözsüz ki, İKT və kommunikasiya sahələrində baş verən inqilabi yeniliklər özü ilə müvafiq dəyişiklikləri də gətirir. Qloballaşma prosesinin təsiri, alternativ informasiya platformasına çevrilən sosial şəbəkələrin yaranması, xalqların dəyərlər sistemindəki ciddi və sürətli transformasiyalar da medianın üzərinə heç zaman olmadığı qədər böyük məsuliyyət qoyur.
Texnoloji innovasiyalar yeni imkanlarla yanaşı, müəyyən təhdidləri, çağırışları da özündə ehtiva edir. Təbii ki, bu, ictimai münasibətlərə təsirsiz ötüşmür. “Yeni media” fərqli inkişaf səviyyəli cəmiyyətlərin müxtəlif reaksiyasına səbəb olsa da, onları ümumi birləşdirən cəhət dəyişikliklərin və dəyişikliklərə adaptasiya prosesinin nəsillərarası deyil, bir nəsil daxilində baş verməsidir.
Yeni media bir sıra tendensiyalar da doğurub: kütləvi kommunikasiyanın şəbəkələşməsi, fərdlərin individual transformasiyası, informasiyanın fərdiləşməsi, yeni diskussiya formatları, sosial qruplar və kommunikasiya kanallarının yaranması, ictimai müzakirənin qütbləşməsi, dezinformasiyanın geniş yayılması və s. Üstəlik, yaxın gələcəkdə 5G texnologiyası kontenti daha sürətli etməklə yeni medianın inkişafına növbəti təkan verəcək.
Yeni media-platformalar (sosial şəbəkələr və mesencerlər) böyük bir auditoriyanın informasiya gündəliyinin formalaşdırılması üzərində nəzarəti tam ələ alıb. Məsələn, 2017-ci ilin məlumatlarına görə, “Google” qlobal kontekstdə reklam bazarının 90 faizinə, “Facebook” isə sosial şəbəkələrin 80 faizinə nəzarət edir. Bu platformalar gündəlik informasiya vasitəsilə auditoriyanın əhval-ruhiyyəsini, qərarlarını və motivlərini idarə edir, kimin bu auditoriyaya buraxılması, kimin buraxılmaması məsələsini müəyyənləşdirir. İlkin mərhələdə dövlətlərin və ya monopoliyaların nəzarət etdiyi kanallar vasitəsilə informasiyanın mərkəzləşmiş formada yayılmasına alternativ kimi meydana çıxan rəqəmsal platformalar nəticədə özlərinin korporativ və ya ayrı-ayrı siyasi və iqtisadi qrupların ambisiyalarının girovuna çevriliblər. Onların neytrallıq illüziyası getdikcə dağılır, manipulyasiya vasitəsi olduqları özünü açıq şəkildə büruzə verir. Biz Azərbaycan reallığında da sosial şəbəkələr və mesencerlər vasitəsilə daxildən və xaricdən cəmiyyətin əhval-ruhiyyəsinə və psixoloji durumuna müəyyən maraqlar çərçivəsində təsir göstərmək cəhdlərini davamlı şəkildə müşahidə edirik. Bu isə təbii olaraq, informasiya təhlükəsizliyini, rəqəmsal birgəyaşayış qaydalarının formalaşdırılmasını gündəmin aktual mövzularından birinə çevirir.
Buna baxmayaraq, 24/7 rejimdə informasiya axını və dövriyyəsi mühitində media nəinki cəmiyyətin ən mühüm institutlarından biri olaraq qalır, həm də yeni məzmun və forma kəsb edir.
XXI əsrdə müasir texnologiyaların sürətli inkişafı dövlətlərin milli maraqların təmin olunması, daxili və xarici siyasətin həyata keçirilməsində yeni yanaşmaların tətbiq edilməsinə gətirib çıxarmışdır.
İnformasiya və hibrid müharibələrin üstünlük təşkil etdiyi hazırkı qlobal gündəm hər bir dövlətin, o cümlədən də Azərbaycanın informasiya siyasətinin səmərəli qurulmasını, onun həyata keçirilmə mexanizmlərinin daim yenilənməsini, çevikliyinin təmin edilməsini, media və kommunikasiya sahəsində islahatların dərinləşdirilməsini şərtləndirir.
Pandemiyanın stimullaşdırdığı ideoloji trendlər və informasiya-kommunikasiya siyasəti
Hələ COVID-19 pandemiyasından əvvəl dünyada başlamış ideoloji böhran və sosial medianın təsiri ilə populist ideyaların geniş yayılması, müxtəlif siyasi qüvvələrin - sağların və solların elektorat və reytinq uğrunda mübarizədə öz klassik orientirlərindən tədricən uzaqlaşaraq marginallaşması, liberal iqtisadiyyatın təklif etdiyi inkişaf modellərinin maliyyə və sənaye kapitalizmi arasındakı konseptual ziddiyyətləri aradan qaldıra bilməməsi müasir dövlət idarəçiliyində də sistem dəyişikliklərini qaçılmaz edir. Əslində, pandemiya bu yeni yanaşmaların axtarışını daha da stimullaşdırır və sürətləndirir.
Bu baxımdan regionallaşma, lokallaşma, texnokratik idarəetmə, rəqəmsallaşma, dövlət kapitalizmi, neo-kommunitarizm kimi ideoloji trendlər önə çıxmağa başlayır. Göründüyü kimi, pandemiyanın təsiri altında ideoloji trendlər də sürətlə dəyişir və zamanın çağırışlarına uyğunlaşmağa çalışır. Bu kontekstdə Azərbaycan da yaxın və uzaq perspektiv üçün öz inkişaf modelinə uyğun olaraq ideoloji sahədə yenilənmənin çərçivəsini müəyyənləşdirməli, dövlətin informasiya-kommunikasiya siyasəti inkişaf modelinə və onun yenilənmuş ideoloji məzmununa uyğunlaşdırılmalıdır.
İnformasiya siyasəti
Dövlətin çoxfunksiyalı siyasi, ideoloji vəzifələrindən birini informasiya siyasəti təşkil edir. Səmərəli informasiya siyasəti sistemliliyi ilə fərqlənir və vətəndaş-cəmiyyət-dövlət maraqlarının uzlaşdırılmasını təmin edir.