Son zamanlar tapılmış şəxsiyyət vəsiqələrinin sosial şəbəkələrdə paylaşılması geniş yayılıb. İnsanlar bunu sahibini tapmaq niyyəti ilə etsələr də, əslində bu davranış çox ciddi təhlükəsizlik riskləri yarada bilər. Məsələ ilə bağlı informasiya təhlükəsizliyi üzrə ekspert Əmrah Mövsümzadə Milli.Az‑a açıqlamasında bildirib ki, şəxsiyyət vəsiqəsində fin kodu, seriya nömrəsi, doğum tarixi və digər identifikasiya məlumatları yer alır və bu məlumatlar müxtəlif məqsədlərlə sui‑istifadəyə məruz qala bilər.
Ekspert qeyd edib ki, bu məlumatlar şəxsi məlumat bazası kimi çıxış etdiyinə görə böyük risk daşıyır.
Ə.Mövsümzadənin sözlərinə görə, dələduzlar bu məlumatlardan istifadə edərək şəxs adından banklara və kredit təşkilatlarına zəng edib müəyyən təsdiqləmə mərhələlərindən keçə bilirlər:
"Bir çox banklarda ilkin identifikasiya üçün sadəcə ad, soyad, doğum tarixi və sənəd məlumatlarının kifayət etməsi bu riski daha da artırır".
Mütəxəssis əlavə edib ki, onlayn xidmətlərin ələ keçirilməsində də bu məlumatlardan geniş istifadə olunur. Bir çox hökumət xidmətləri, "ASAN Login", mobil operatorlar və digər sistemlərdə identifikasiya üçün məhz şəxsiyyət vəsiqəsindəki məlumatlar tələb edilir:
"Bu məlumatları əldə edən dələduzlar müxtəlif kombinasiyalar edərək parolları təxminləyə və hesablara giriş əldə edə bilirlər".
SIM kartların ələ keçirilməsi də real təhlükələrdən biri olduğunu vurğulayan həmsöhbətimiz nəzərə çatdırıb ki, mobil operatorlar istifadəçi məlumatlarının müəyyən hissəsini təsdiqləmək üçün vəsiqə məlumatlarını soruşduğundan, kiminsə bu məlumatlardan istifadə edərək nömrəni öz adına keçirməsi və beləliklə həmin şəxsin SMS-lərinə nəzarət etməsi mümkündür.