Bildiyimiz kimi, dünən Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibəti ilə bir çox mətbuat işçisi ölkə başçısı tərəfindən müxtəlif fəxri adlarla təltif olundu. Fəxri ad alan jurnalistlərin fəaliyyəti sosial şəbəkələrdə müzakirəyə çıxarılaraq insanlar tərəfindən həm tənqid, həm də təqdir edildi. Maraqlıdır, media sahəsində aparılan islahatların fonunda gözləntilər özünü doğrultdumu?


Pravda.az-ın xəbərinə görə, “Turan” İnformasiya Agentliyinin direktoru, jurnalist Mehman Əliyev gözləntilərin özünü doğrultmadığınş bildirib: “Yəni, hakimiyyətə işləyən, çalışan və xidmət edən jurnalistlərə mükafat verildi. Bu isə normaldır. Çünki bizdə ancaq ona görə mükafat verirlər. Başqa cür olmur. Bu isə sadəcə olaraq media siyasətinin, media baxışlarının olduğu kimi qaldığını göstərir. Əslində, heç nə dəyişməyib”.


M.Əliyev bir sıra ziyalı və ictimaiyyət xadimlərinin Prezidentin köməkçisi Anar Ələkbərovla görüşündən də danışıb: “Mənim üçün belə görüşlərdə iştirak etmək, təkliflər vermək gecdir. Çünki vaxtında o qədər təkliflər vermişəm ki, sadəcə, cəmiyyətin bundan xəbəri yoxdur. Həm də vəziyyət onu göstərir ki, təklifləri qəbul etməyə hazır deyillər. Dünənki təltiflər də onu təsdiq edir ki, hakimiyyət Azərbaycanda azad medianın bərqərar olmasını istəmir. Ona görə də təkliflər verməyin yeri deyil. Nə vaxt hazır olsalar, təklifləri o zaman vermək olar. Çünki məhz bu təkliflərə görə mən 2017-ci ilə həbs edildim”.Dominant.az