Düşmən Ermənistanın ən böyük diasporlarından biri ABŞ-da, Kaliforniya ştatındadır. Orada yaşayan ermənilərin əksəriyyəti hətta Ermənistanda yaşayanlardan da daha radikal və vəhşiliyə meyillidirlər. Orada yaşayanların yeni nəsli öz valideyinlərindən, baba-nənələrindən daim “zəhər” alıblar, onlar üçün Qarabağ məsələsi yoxdur, türk məsələsi var, tarixi travmalarını öz həyat hekayələrinə çevirən toplumdur.
Amma diaspora olaraq güclüdürlər, bir-birlərini qoruyurlar, siyasi olaraq aktivdirlər, seçici olaraq azsaylı olsalar da hər iki ABŞ siyasi partiyası ilə işləyirlər, mediada güclüdürlər. Diasporalarının güclü olmasının obyektiv tarixi səbəbi var – onlar 100 ildir xaricdə məskunlaşıblar, bizimkilər isə son 30 ildə xaricə ayaq açdılar. Amma onların diaspor təşkilatları tək xaricdə yox, Ermənistanın daxilində də güclüdürlər. siyasi oyunçudurlar, düşmən ölkənin büdcəsinin 10%-ə yaxını hər il birbaşa diasporadan aldıqları pulla formalaşır, Ermənistanda iqtisadi fəaliyyətləri var, bir sözlə - diaspora ana dövlətə dəstək olur, hətta yön verir, siyasi aktivlik edir.
Bizdə isə təməldən diaspora işi, yüngül desəm, sağlam olmayan təməllər üzərinə oturub. Dövlət siyasəti səhv qurulub, diasporanın güclənib Ana Dövlətimizə dəstək olmağındansa, tam tərsi model qurulub – Ana Dövlət (hökumət) diasporanın sponsoruna çevrilib, ancaq hakimiyyətə yaxın olan qruplarla çalışıb, onları öz təbliğat alətinə çevirib. Təməl səhv və yanlışlıq bundadır, yəni, YAP hökuməti uzun illər elə siyasət aparıb ki, xaricdə olan diaspor təşkilatları onlardan maddi olaraq asılı olsun, zəif qalsın, daxili siyasətə qarıçacaq gücə malik olmasınlar. Nəticədə də pərən-pərən düşmüş, yüz yerə bölünmüş rəsmi və qeyri-rəsmi diaspora təşkilatları yarandı. Son 25 ildə ölkədən köçən siyasi-ictimai aktiv insanların davranışı da doğru olmadı – onların bir çoxu dövlətlə hökuməti bir-birindən ayıra bilmədilər. Nəticə isə göz qabağındadır – ermənilər xaricdə düzənli, planlı, proqramlı iş aparır, siyasətə qarışır, ictimai aktiv rol alır, öz iyrənc əməllərini belə ört-basdır etmək üçün fon yarada bilirlər.
Həm hüquqi, həm siyasi, həm də insanı baxımdan haqlı olan bizik, amma bunu normal şəkildə dünyaya “yedizdirə” bilmirik. Kimsə burada din faktorunu önə çəkə bilər – inanın ki, boş söhbətdir, Qərbdə bu məsələ, bəlkə də 10-cu yerdədir.