Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elçin Kəlbiyev yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 22 qramdan çox narkotik maddə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Elçin Kəlbiyev ifadəsində narkotikləri satış məqsədi ilə Xızı rayon sakini Rəsul Qədirovdan 700 manata aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Rəsul Qədirovun yaşadığı ünvan müəyyənləşdirilib və ona məxsus Xızı rayonunun Sitalçay kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq qurudulmuş marixuana, 1.5 qrama yaxın heroin, eləcə də həyətyanı sahəsindən hündürlüyü 160-210 sm, ümumi çəkisi isə 34 kiloqramdan artıq olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 108 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.