BURADA REKLAMINIZ OLA
BİLƏR

Brilliant Dadaşova: “1991-ci ildə AXC hakimiyyətə gələn kimi birinci məni işdən çıxartdı”

“1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gələn kimi birinci məni işdən çıxartdı. Ən çətin dövr idi. Məəttəl qaldım!  Mən də mübarizə aparırdım. Sovetin dövründən mən “Haydi-haydi ər igidlər, birləşin daha”, Şaumyanın, XI Qızıl Ordunun heykəlinin qarşısında “baş kəsənin büstünə bax” demişəm. Bunlara görə Sovet dövründə töhmət almışam.  İndi də AXC birinci məni çıxartdı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Brilliant Dadaşova Xəzər TV-nin "Hər şey daxil" verilişinin ulu öndər Heydər Əliyevə həsr edilmiş buraxılışında öz xatirələrini danışıb.

 

Müğənni AXC-nin hakimiyyəti dövründə qarşılaşdığı çətinliklərdən söz açıb: “Televiziyadan 100-150 manat maaş alırdım, çətin vəziyyət idi. Evdə balaca uşağımız var idi. Bu dövrdə məni işsiz qoydular. Daha sonra Ulu öndər Heydər Əliyev gəldi və kanalın yeni rəhbərinə tapşırıq verdi ki, AXC kimi işdən çıxarıbsa, geri çağırın. Ağlaya-ağlaya televiziyaya getdim. Açıq danışacam, Türkiyə vətəndaşı olmuşdum, artıq Azərbaycandan köçməyi planlaşdırırdım. Heydər Əliyevdən sonra bu qərardan daşındım”.

 

Sənətçi 90-ci illərin əvvəlində üzərində silahla gəzdiyini də etiraf edib: “O dövrdə çantamda silahla gəzirdim. Çünki binanın blokuna silahsız girmək olmazdı. Hər an bizi hər şey gözləyə bilərdi. Silahı çəkib içəri girirdim. Hər addımda qabaqkəsmək, oğurluq, adam öldürmək olurdu”.

 

Xalq artisti Brilliant Dadaşova Azərbaycan SSRİ-nin tərkibindən çıxandan sonra AXC-nin hakimiyyəti dövründə ölkədə baş verənlərdən də söz açıb.

 

O, H.Əliyev hakimiyyətə gələnədək ölkədəki hərci-mərclik və təhlükəli dönəmdən danışarkən şahidi olduğu hadisələri misal gətirib: "Vəziyyət o həddə çatmışdı ki, o vaxtın ən bahalı "Moskva" və "İnturist" otelləri kimi bir yerdə keçirilən toylarda dava düşürdü, masalar dağılırdı, insanlar bir-birinə silah çəkirdi. Gözümün qabağında hamının tanıdığı müğənniyə silah çəkib, "Oxu!" əmrini verdilər. Mənim gözümün qabağında bəyin avtomobilinin yük yerindən 50 silah çıxdı. Adam nə polis idi, nə də hərbçi. Mənim kimi bir insan çantamda silah gəzdirirdim. Bloka girəndə silahı çəkib hazır tuturdum. O dönəmlər çox təhlükəli idi. Hər addımbaşı oğurluq, quldurluq, adam öldürülürdü. Xalqın ən sevincli günü toy idi, elə bir gündə belə adam öldürürdülər".

Tarix: 13 Dekabr 2019, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin