Birinci vitse-prezident Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr haqda fikirlərini bölüşüb.
Pravda.az yazını təqdim edir:
“Əziz həmvətənlər!
Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib.
Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.
Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər.
Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.
Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib.
O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb.
Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub.
Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb.
İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub.
Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir.