Qafqazda tarix boyu gərginlik yaradan, Qafqaz xalqlarının dincliyini pozan Ermənistan tərəfi artıq dünya üçün də qlobal təhlükəyə çevrilib.
Dünya qlobal təhlükə – pandemiya ilə mübarizə apardığı dönəmdə Ermənistan bölgədə yeni təxribat yaradaraq bu gərginliyi digər ölkələrə də yaymağa başlayıb.
12 iyulda Azərbaycan Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə etdi. Bu, Azərbaycana artilleriya hücumu planının sübutu idi. Belə də oldu. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq hücuma keçdi. Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Sərhəd Xidmətinin mövqeləri atəşə tutuldu. Döyüşün ilk saatlarında Azərbaycanın 2 hərbi qulluqçusu şəhid oldu, 5 nəfər yaralandı. Yaralı əsgərlərdən biri sonradan dünyasını dəyişdi. 13-nə keçən gecədən gərginlik davam etdi. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-ü səhər Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini atəşə tutdu. Hücum nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 5 hərbi qulluqçu həlak oldu.
Ordu generalının şəhid edilməsi Azərbaycan xalqında şiddətli qəzəb yaratdı. Bakının mərkəzində, eləcə də digər bölgələrdə insanlar yürüşlər keçirib Ermənistanı terrora son verməyə çağırdı. Torpaqlarını kimsəyə güzəştə getməyəcəyini sərgilədi. Hökumətdən səfərbərlik tələb etdi. Rəsmi Bakı Ermənistanı aqressorluğa son verməyə, Azərbaycan xalqının təmkinini zorlamamağa çağıran bəyanat yaydı. Ermənistan tərəfi məhəl qoymadan atəşə davam etdi.
Döyüşlərdə Azərbaycan tərəfdən əlavə yaralananlar oldu, Ağdam kəndinin 76 yaşlı sakini öldürüldü. Dinc sakinlər arasında ağır yara alan Anya Ələsgərova haqda mətbuatda məlumat verildi.
16 iyulda Ermənistan tərəfi döyüş bölgəsinə əlavə qüvvələr göndərdi. Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndləri ağır artilleriya silahlarından atəşə tutuldu. Daha intensiv atəş Ağdam kəndi istiqamətində idi. Dondar Quşçu kəndinin ərazisinə 20-dək top mərmisi düşdü. Mərmilərdən ikisi dinc əhalinin yaşadığı ərazidə müşahidə olundu. Top mərmilərindən biri vətəndaşın həyətinə, digəri isə başqa həyətyanı sahəyə düşərək köməkçi tikilini dağıtdı. 10-a yaxın ev yararsız hala düşdü. Daha sonra Ermənistan tərəfi Mingəçevir Su Anbarını vuracağını iddia etdi.
Qeyd edək ki, Azərbaycan bu hadisələr zamanı qarşı tərəfin hücumlarına gərəkli cavab verib. Sərhəddən hücuma keçməyə cəhd edən Erməni silahlı qüvvələri geri oturdulub və hücumların qarşısı alınıb.