İlin əvvəlindən mübarizə apardığımız görünməz düşmən COVID-19 hələ ki, bizimlə vidalaşmaq istəmir. Vaxtaşırı virusa qarşı vaksin hazırlandığı, sınaqdan keçirildiyi xəbərləri yayılsa da, onun tətbiqi barədə ziddiyyətli fikirlər var. Maraqlıdır, vaksin nə zaman hazırlana və tətbiq oluna bilər? Peyvənd hesabına koronavirus təhlükəsindən nə vaxt xilas ola biləcəyik?
İnfeksiyon Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi Nazxanım Qasımova mövzu ilə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Rusiya koronavirusa qarşı peyvənd hazırladığını bəyan etdikdən sonra ardınca dünyanın müxtəlif ünvanlarından da oxşar bəyanatlar verildi. Peyvəndin hazırlanmasında məsələ nə yerdədi? Rusiya doğrudan da digər ölkələri qabaqlayırmı?
- Peyvəndin hazırlanmağa başlanması koronavirus yayıldığı dövrdən var. Peyvənd elə bir şey deyil ki, bir günə kəşf olunsun. Təkcə Rusiya, Amerika yox, bir neçə dövlət peyvəndin tapılması üzərində iş aparır. Fərqi yoxdur, koronavirus yox, başqa infeksiya olsun, peyvənd hazırlanmasına 12-18 ay vaxt tələb olunur. Çünki o, insanlar üzərində sınaqdan keçirilir.
Koronavirus yayıldığı zamandan həm virus əleyhinə dərmanların tapılması, həm də peyvəndin hazırlanması ilə bağlı iş başlandı. Amerikada bəzi peyvənd növləri tapıldı, sınaqlar keçirildi. Rusiyada aparılan sınaqlarda isə daha pozitiv nəticələr var.
Lakin bu, bir günə-üç günə xəstə üzərində sınaq aparılmaqla başa çatdırılan bir şey deyil. Onun müddəti və sınaq sayı var. Sınaq aparılan insanlarda nə dərəcədə effekt verib-vermədiyini gözləmək üçün zaman keçməlidir. Nəzərə alsaq ki, koronavirus 6-7 aydır yayılıb, tam mütəşəkkil peyvəndin tapılmasına təxminən 6 ay müddət qalıb. 6-8 ay müddətində peyvənd tam hazır olacaq.
Rusiyada tapılan peyvəndin sınaqlarında müsbət nəticələrin əldə olunması o demək deyil ki, sabah onun tətbiqinə başlamaq olar. Təqribən 12-18 ay gərəkdir, onun da 6 ayını geridə qoymuşuq, qarşıdakı 6 ay ərzində mütəşəkkil bir peyvənd hazır ola bilər.
- Sizcə, ölkələrin peyvənd tapmaq barədə tez-tez xəbər yayması yarış xarakteri daşımır ki?
- Hər bir ölkə istəyər ki, dünyanı narahat edən məsələnin həlli onun çiynində olsun, bu, həmin dövlət üçün bir fəxrdir. Bu, pozitiv yarışdır. Hər kəs özü dünyanın xilaskarı olmaq istəyir. Kaş, bütün yarışlar belə olsun. Peyvəndi hansı ölkənin tapmasının fərqi yoxdur, təki xilas eləsin.
Fikrimcə, gələn ilin yanvar-fevral aylarında dünya üzrə vaksinin tətbiqinə başlanıla bilər.
- Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) vaksinin gələn ildən tez hazır olmayacağını deyir. Bu məsələdə ÜST-ün ayrı-ayrı ölkələrlə fikir ayrılığı nədən qaynaqlanır?
- Peyvəndin tapılması ifadəsi yanlışdır. Peyvənd tapılması deyə bir şey yoxdur, peyvənd üzərində iş ilk gündən başlayıb.