Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov
Məlum olduğu kimi , bu il iyul ayının 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assembleyasının 31-ci sessiyası çağırıldı. Bu sessiyanın çağırılmasında Prezidentimizin məqsədi pandemiya dövründə beynəlxalq ictimaiyyət qarşısında duran bir sıra mühüm məsələlərin aydınlaşdırılması, Covid-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərilməsinə nail olmaqdır.
Azərbaycan Prezidentinin bu nəcib təşəbbüsünə qarşı yeganə olaraq Ermənistanın çıxış etməsi isə bu işğalçı dövlətin faşist mahiyyətini bir daha ortaya qoydu. Ermənistanın belə bir təşəbbüsün əleyhinə çıxış etməsi ağılsızlığın, qeyri-rasional düşüncənin, Azərbaycanofobiya xəstəliyinin və xalqımıza qarşı nifrətin təzahürüdür. Əslində düşmənin belə mənfur niyyətinə rəğmən hərbi təxribat törətməsi təəccüblü deyil. Əgər fikir vermisinizsə, nə vaxt ki, Azərbaycan yeni-yeni beynəlxalq uğurlara imza atır, ona beynəlxalq dəstək artır, Ermənistan istər Qarabağda, istərsə də Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatlar törədir. Çünki düşmən Azərbaycanın beynəlalq səviyyədə diplomatik qələbələrini həzm edə bilmir.
Fikrimcə, iyulun 12-15-də Tovuz istiqamətində baş verən hadisələrin səbəblərindən biri məhz bu idi. Digər tərəfdən, artıq Ermənistanda daxili-siyasi çəkişmələr pik həddinə çatıb, üstəgəl ölkədə sosial iqtisadi vəziyyət olduqca bərbad vəziyyətdədir. Baş Nazirin vəd etdiyi "qızıl dağlar” siyasəti tam iflasa uğrayıb. Eyni zamanda, hökümət koronavirusla mübarizədə aciz qaldığına görə daxili təzyiq və qınaqla üz-üzə qalıb. Buna görə də Ermənistan iqtidarı sərhəddə hərbi təxribatlar törədərək diqqəti daxili problem və ziddiyyətlərdən yayındırmaq yolunu tutub. Bu Ermənilərin köhnə oyunlarından biridir. Sual olunur: Niyə Ermənistan bu dəfə işğal etdiyi əraziləri yox, Azərbaycan-Ermənistan dövlət sərhəddininin Tovuz istiqamətini hədəf seçdi. Fikrimcə, ona görə ki, beynəlxalq birliyin tam əksəriyyəti və aparıcı beynəlxalq təşkilatlar işğal olunmuş Dağlıq Qarabağı birmənalı olaraq Azərbaycanın qanuni ərazisi kimi tanıyırlar. Ona görə də burada hərbi təxribat törədib Azərbaycanın boynuna yıxmaq inandırıcı görünməyəcəkdi. Əks halda, Azərbaycan öz ərazisi olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda niyə təxribat törətməlidir ki? Artıq dünya birliyi əvvəlki kimi erməni nağıllarına inanmır. Eyni zamanda ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz cinayətkar dəstələrə və terrorçulara qarşı mübarizə aparmaq Azərbaycanın tam qanuni haqqıdır. Belə olan vəziyyətdə Ermənistan istiqaməti beynəlxalq neft və qaz kəmərlərinə yaxın dövlət sərhəddinə yönəldir və KTMT-ı bu avantüraya cəlb etmək üçün çox çirkin bir oyuna əl atır . Lakin, dərin xəyal qırıqlığına düçar olan Ermənistan bu təşkilatdan heç bir dəstək ala bilmədi. Əvvəla, KTMT-in bütün üzvləriylə (Ermənistan istisna olmaqla) Azərbaycanın çox mehriban və dostluq əlaqələri mövcuddur. İkincisi, KTMT hansı niyyətlə Ermənistanın onu öz hərbi intriqalarına cəlb etmək istəyini yaxşı başa düşür. Və bu təşkilatın üzvləri çox yaxşı bilirlər ki, Ermənistanla dövlət sərhəddində Azərbaycanın hər hansı bir hərbi məqsədi yoxdur. Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdim. Bu hərbi təxribatla Ermənistan bir daha təsdiq etdi ki, bu münaqişənin tərəfləri seperatçı rejim yox məhz elə Ermənistan və Azərbaycandır.
Tovuzdakı vəziyyətlə əlaqədar iyulun 12-də ölkə Prezidenti cənab İlham Əliyev Təhlükəsizlil Şurasının iclasını çağırmış və bildirmişdir ki, iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər. Bu gözlənilməz zərbə nəticəsində hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddam çıxarmayacaqlar.
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab Prezident qeyd etmişdir ki düşmənin onlarca hərbçisi məhv edilmiş, sərhədboyu dayaq məntəqələrinin böyük hissəsi məhv edilmişdir. Bu əməliyyat, son günlər baş vermiş toqquşma bizim şanlı qələbəmizdir. Bu qələbənin Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaqdır.