“Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilən son təxribatın bütün məsuliyyəti işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda, Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı törədilən təxribat və terror hadisələri də Ermənistan rəhbərliyinin siyasi iradəsi ilə baş tutur. Görünən odur ki, rəsmi Yerevan xarici ölkələrdə azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb və beynəlxalq miqyasda ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası başlayıb”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
V.İskəndərov qeyd edib ki, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir: “Hesab edirəm ki, ermənilərin son günlər xarici ölkələrdə törətdikləri cinayətlərə hüquqi qiymət verilməlidir. Yəqin ki, ermənilərin vandalizm aktları törətdikləri xarici ölkələrin hüquq-mühafizə orqanları tezliklə cinayətkarlara qarşı lazım olan addımları atacaqlar”.
Ermənilərin bu tipli təxribatlarının, eləcə də terrorçuluq fəaliyyətlərinin yeni olmadığını deyən deputat xatırladıb ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə, 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər: “1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti səviyyəsinə qaldırmış bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aktları təşkil ediblər. Bir daha vurğulayım ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar müvafiq ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Xatırladım ki, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir”.