Milli Məclisin deputatı Eldar Quliyevlə müsahibəni təqdim edirik:
- Eldar müəllim, son vaxtlar cəbhə bölgələsində erməni təxribatları geniş xarakter alıb. Buna qarşı həm Azərbaycan daxilində ciddi təpki göstərildi, həm də dünyanın bir çox yerində azərbaycanlılar birləşərək, Qarabağ uğrunda birlik, güc nümayiş etdirdi. Sizcə, biz indiki dönəmdə nələr etməliyik?
- Ermənistanın Azərbaycana qarşı təxribatı artıq 32 ildir ki, davam edir. Ölkəmizə qarşı torpaq iddiaları ilə başlayan bu münaqişə nəticəsində ərazilərimizin 20 faizi işğal olunmuş, 1 milyon soydaşımız öz ata-baba yurdlarından qaçqın və məcburi köçkün düşmüşdür. Torpaqların işğaldan azad olunması barədə BMT-nin 1992-ci ildə qəbul etdiyi 4 qətnamə Ermənistan tərəfindən indiyə qədər icra olunmur. Münaqişənin həlli üçün aparılan danışıqlar da Ermənistan rəhbərlərinin qeyri-konstruktiv mövqeyi üzündən heç bir nəticə vermir. Azərbaycan Republikasının Prezidenti İlham Əliyev cənabları Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu ən yüksək beynəlxalq tribunalardan dəfələrlə bütün dünyaya bəyan etmişdir. Artıq dünya ölkələrinin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 1994-cü ildə atəşkəs barədə müqavilə imzalansa da, ermənilər mütəmadi olaraq atəşkəs rejimini pozurlar. 2016-cı ilin aprelində onlar törətdikləri təxribatın cavabını layiqincə aldılar. Buna baxmayaraq, cari il iyulun 12-də yenidən təxribata əl atdılar. Budəfəki təxribatın fərqli cəhəti onun münaqişə zonası olan Dağlıq Qarabağdan 100 kilometrlərlə uzaqda yerləşən Tovuz-Qazax bölgəsində törədilməsi oldu. Bu ərazilərdə yerləşən mövqelərimizlə yanaşı, Tovuz rayonun Ağdam və Dondar Quşçu kəndləri də ermənilər tərəfindən artilleriya qurğularından istifadə etməklə güclü atəşə məruz qaldı. Həmin təxribat zamanı bir general, bir polkovnik, bir mayor da daxil olmaqla 12 hərbi qulluqçumuz və 76 yaşlı mülki şəxs şəhid oldu. Rəşadətli ordumuz şəhidlərimizin qanını yerdə qoymadı, erməilərin çox sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Ermənistanın növbəti təxribatı üçün Tovuz istiqamətini hədəf seçməsi təsadüfü deyildi. Burada iki məqama diqqət yetirməyi lazım bilirəm.
Əvvəla, Azərbaycan iqtisadiyyatına zərbə vurmaq məqsədi qüdülür. Belə ki, Tovuz-Qazax bölgəsindən ölkəmiz üçün çox önəmli olan strateji əhəmiyyətli kommunikasiyalar keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, TANAP neft və qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu qəbildəndir. Qeyd olunan kommunikasiyaların Azərbaycan iqtisadiyyatına gətirdiyi gəlirləri gözü götürməyən mənfur qonşular bu kommunikasiyalara zərər yetirməklə iqtisadiyyatımızı sarsıtmağa cəhd edirdilər.
İkinci tərəfdən, Dağlıq Qarabağdan kənar ərazidə təxribat törətməklə Ermənistan hakimiyyəti bu münaqişəyə özünün üzv olduğu Kollektiv Təhlükəslik Müqaviləsi Təşkilatını cəlb etməyə çalışırdı. Lakin ermənilərin bu arzusu da gözündə qaldı. Təşkilata üzv dövlətlərin əksəriyyətinin Azərbaycanla yüksək səviyyəli münasibətlərinin nəticəsi olaraq bu təşkilat münaqişəyə heç bir müdaxilə etmədi.
Qardaş Türkiyə rəhbərliyinin və xalqının ölkəmizə dəstək nümayişi etdirməsini də minnətdarlıqla qeyd etməliyəm.
Öz daxili problemlərindən xalqının diqqətini yayındırmağa çalışan Ermənistan rəhbətrliyi bu təxribatla özünün işğalçı xislətini bir daha nümayiş etdirdi. Paşınyanın hakimiyyətə gəlişinin ilk dövrlərində müdafiə naziri Tonoyanın “hər bir müharibə Ermənistana yeni torpaqlar qazandıracaq” bəyanatı işğalçılığın Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olmasının təzahürü idi. Erməni həyasızlığı bir də ondadır ki, onlar öz bəd əməllərini bizim üzərimizə yönəldir, dünya ictimaiyyətini buna inandırmaq üçün hər cür iyrənc addımlar atırlar.
Lakin Azərbaycan rəhbərliyinin uğurlu xarici siyasəti sayəsində erməni yalanları artıq nəticə vermir. Azərbaycanın haqq işini müdafiə edənlərin sırası günbəgün genişlənir. Təsadüfi deyildir ki, Ermənistanın işğalçılıq siyasətini qəbul etməyən bir çox dövlətlər və beynəlxalq təşkilatlar 12 iyul təxribatını pisləyən sərt bəyanatlar verdilər.
Ermənistanın başladığı və rəzilliklə məğlub olduğu bu münaqişə xalqımızın mübarizə əzminin nümayişi oldu. Bakıda və digər bölgələrdə orduya dəstək məqsədilə keçirilən əzəmətli aksiyalar xalq-hakimiyyət birliyinin təntənəsi idi. Həmin günlərdə on minlərlə gəncin orduya könüllü getmək üçün qeydiyyatdan keçmələri torpaqımızı işğaldan azad etmək arzusunun və bu istəyin tezliklə reallaşacağının təzahürü idi.
Düşünürəm ki, indi əsas vəzifə xalq-hakimiyyət birliyini qorumaq, mübarizə əzmini daim gücləndirmək, Azərbaycanın səbrinin sonsuz olmadığını nümayiş etdirmək yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələrin torpaqları qaytarmaq üçün Ermənistana təzyiq göstərməsinə nail olmaq, əks təqdirdə öz qüvvəmizlə ərazi bütövlüyümüzü bərpa etməyə hazır olmaqdan ibarət olmalıdır.
Bakıda keçirilən orduya dəstək aksiyasında təxribat törədərək öz çirkin məqsədləri üçün sui-istifadə edənlərə üz tutaraq onlara xatırlatmaq istəyirəm ki, artıq ötən əsrin 90-cı illəri deyil. İndi ölkəmizə ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev rəhbərlik edir və Azərbaycan etibarlı əllərdədir. Onun uğurlu siyasəti dövlət-xalq birliyinin sarsılmazlığını təmin etmişdir. Ona görə də ölkəmizin inkişafını gözü götürməyən həm xarici, həm də daxili qüvvələr bilsin ki, heç bir mənfur qüvvə Azərbaycan dövlətini sarsıda bilməz.