“Parlament bayrağın şaquli vəziyyətdə necə asılmalı olduğu haqda qanun qəbul edib. Nazirlər Kabineti isə bununla bağlı qərar verib. Keçmiş baş nazir Novruz Məmmədov vəzifədə olanda bayrağın hansı formada asılmalı olduğu haqda sözümü demişəm”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib. O, Novruz Məmmədov işdən çıxdığına görə yenidən danışmağı düzgün hesab etmir:
“Çünki bu vaxta qədər mən nə işdən çıxan adamın arxasınca danışmışam, nə də yazı yazmışam. O, vəzifədə olarkən mən parlamentdə bayrağın hansı formada asılmasının daha doğru olduğunu bildirmişəm. Baş nazirin hüququ yoxdur ki, bayrağın necə asılması haqqında qərar qəbul etsin. Çünki bayrağın hansı formada asılması haqqında parlamentdə qanun qəbul olunub. Keçmiş baş nazir Artur Rasizadənin olduğu dövrdə də bayrağın hansı formada asılması barədə parlamentin qəbul etdiyi qanuna əsasən təsdiqlənib. Novruz müəllim gəldi, dörd-beş ay bundan qabaq qəfil qərar verdi ki, bayraq bu cür asılmalıdır. Qardaş, bir qərar verirsənsə, bunu əsaslandırmalısan ki, bu bayraq niyə bu cür asılacaq. Axı, sən onu əsaslandırmamısan. Bu deyir bu cür asaq, ayrı bir baş nazir gələndə də deyəcək ki, çevirək bu cür asaq. Belə qanun ola bilməz. Qanun bir dəfə qəbul olunur. Eyni zamanda, əsaslandırılır”.