Son vaxtlar bütövlükdə MDB məkanında gərginliyin artması müşahidə olunmaqdadır. İyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatı, bundan sonra yaşanan gərginlik, iyulun 29-da Minskdə Rusiyaya aid muzdlu döyşçülərin saxlanılması və rəsmi Minskin Moskvanı ölkədə sabitliyi pozmaq cəhdində ittiham etməsi, Normand formatında Ukrayna ilə Rusiya arasındakı atəşkəs razılaşmasına baxmayaraq, gərginliyin davam etməsi kimi hallar – bütün bunlar təsadüfdürmü, yoxsa eyni mərkəzdən idarə olunan prosesin ayrı-ayrı tərkib hissələridir? “AzPolitika.info” bu mövzuyla bağlı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib:
- Fazil bəy, sizcə, son zamanlar MDB məkanında gərginliyin, konfliktlərin artmasının səbəbi nədir?
- MDB məkanında baş verənlər təsadüfi deyil. Xüsusilə Jirinovskinin son açıqlamaları göstərdi ki, Rusiyada imperialist maraqların çəkinmədən qabardılması müşahidə olunur. Bu da narahatçılıqla izlənilir. Diqqət edirsinizsə, Rusiyanın özünün daxilində başlayan proseslər də gərginləşir. Ehtimal budur ki, daxildə proseslər gərgin xarakter aldıqda, bunun xaricə köçürülməsi yolları işə düşür. Fikrimcə, Belarusla bağlı, elə başqa məsələlərdə də belə narahatçılıq və təhlükə var. Bu baxımdan hesab edirəm ki, Belarusun özündə hakimiyyət dəyişikliyi ilə bağlı müəyyən ssenarilərin işə düşməsi təhlükəsi olduğundan Prezident Aleksandr Lukaşenko tərəfindən belə bir addım atıldı.
Sözsüz ki, ermənilərin son addımında da kənar qüvvələrin rolu olmamış deyil. Diqqət etsək görərik ki, Tovuzda baş verən hadisə ilə paralel olaraq, Bakıda yürüş keçirildi və müəyyən şüarlar səsləndirildi. Hesab edirəm ki, bu kimi məsələlərdə diqqətli olmaq lazımdır və kənardan idarə olunan ssenarilərə alət olmaq olmaz.
- Bəzi siyasi şərhçilər hesab edirlər ki, MDB məkanında baş verənlər SSRİ-nin bərpası planının işə düşməsindən xəbər verir. Sizcə, bu iddialar nə dərəcədə əsaslıdır?
- Bilirsinizmi, SSRİ-nin bərpası üçün sosial-iqtisadi şərtlər yetərli deyil. Bu gün Qızıl Ordunu göndərəsən ki, get əraziləri işğal et və paralel olaraq da Qərb dünyası ilə düşmən mövqedə olasan... İndi o dövr deyil. Başqa sözlə, indi bunu rahatlıqla həll etmək mümkün deyil.
Rusiyanın özü iqtisadi baxımdan yetərincə zəngin ölkə deyil. Məsələn, Amerika öz çevrəsindəki hansısa dövlətləri toplaya bilər. Çünki pulu-parası, nəhəng iqtisadi resursları var. Rusiya isə bunu ancaq zor yolu ilə edə bilər. Amma zor yolu ilə bu qədər ölkəni özünə tabe etdirmək o qədər də asan məsələ deyil. Xüsusilə, nəzərə alınmalıdır ki, bu ölkələr az qala 30 ilə yaxındır müstəqilliyin dadını görüblər. 20-ci əsrin əvvəllərində bu ölkələr bir il və ya il yarım müstəqil olmuşdular, hələ öz sistemlərini oturda bilməmişdilər. Amma indi yeni nəsil doğulub. SSRİ-nin zorla bərpası cəhdi olsa, onda eyni vaxtda bütün ölkələri qiyamlar bürüyər. Hətta SSRİ-nin güclü vaxtında, müstəqillik alışqanlığının olmadığı bir dövrdə bu qədər qiyamlar baş verdi. İndi bunu idarə etmək çox çətin olar. Ona görə də mən bu ideyanın əslində sərsəm ideya olduğu düşüncəsindəyəm.
Hər halda, müəyyən dərəcədə iqtisadi maraqların uzlaşması baxımından bərabərhüquqlu variant tapılarsa, Rusiya ilə inteqrasiyadan istifadə etmək olar. Yəni Rusiya ilə müəyyən mənada əməkdaşlıq modelinə getmək mümkündür. Lakin müstəqilliyə zərər vuracaq, təhdid edəcək modeldən bütün ölkələr qaçınacaq. Belə rəy yaranır ki, bunu zorla etmək mümkündür, amma mən bu düşüncədə deyiləm. İndi ötən əsrin 20-ci illərindən fərqli olaraq, dünyanın böyük dövlətlərinin nəzarəti var. Müəyyən dəyərlər, məsələlər var ki, onların üzərindən asanlıqla adlamaq mümkün deyil.
- Sizcə, real olaraq Kremldə SSRİ-nin bərpası haqqında düşünənlər varmı, yoxsa bu, kimlərinsə sadəcə kənardan ortaya atdığı ideyadır?