Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov son hadisələrlə bağlı Modern.az saytına geniş müsahibə verib.
- Siyavuş müəllim, həm sərhəddə, həm cəbhə xəttində ermənilər mütəmadi təxribatlar törədir. Buna qarşı həm Azərbaycan daxilində, həm də xaricdə soydaşlarımız yüksək şəkildə birlik nümayiş etdirirlər. Paralel olaraq Türkiyə ilə Azərbaycan Ordusu birgə təlimlər keçirir. Sizcə, nələr baş verir?
- Soydaşlarımızın həmrəyliyini çox yüksək qiymətləndirirəm. Birinci növbədə Ali Baş Komandanın göstərişləri tam şəkildə həyata keçirilir... Tovuz hadisələri çox ciddi məsələ idi. Ermənilər 3 il idi ki, buna hazırlaşırdılar. Onlar bu müddət ərzində diqqəti yayındırmaq üçün Qazax və digər yerlərdə təxribatlar törədirdilər. Bunun səbəbi nədən ibarət idi? Səbəbi o idi ki, Tovuzdan keçən bütün kommunikasiya xətlərini ermənilər dağıtmaq istəyirdilər. Bu ideya isə ermənilərin deyildi. Baxın, bu gün Belarusda nələr baş verdiyini görürsünüz. Bunların hamısı eyni proseslərdir. Deməli, bunların əsas məqsədi ondan ibarət idi ki, Azərbaycanın həmin ərazilərdən keçən dəmir yolu və digər strateji əhəmiyyətli xətləri dağıtsınlar. Təsəvvür edin ki, həmin ərazilərdən keçən boru kəmərləri vasitəsi ilə Qazaxıstanın nefti Türkiyəyə gedir. Bu xətlər vurulsaydı, sabah onlar öz neftini bu kəmər vasitəsi ilə necə göndərəcəkdi? Ona görə də məcbur qalıb yolu dəyişməlisən. Yolu da ya Rusiya, ya da İran vasitəsi ilə dəyişə bilərsən. Məqsəd bu idi... Gəlib-gedənlər hamısı pafosla danışır. Prezident çox düzgün olaraq qiymətləndirdi bu məsələni.
- Bu hadisələrdə xalq və hakimiyyət bir yerdə addımlar atdı. Hətta xaricdəki azərbaycanlılar da bu məsələyə aktiv qoşuldular. Müstəqillik qazandığımızdan bəri ilk dəfə belə böyük və mütəşəkkil şəkildə addımlar atıldı...
- Bütün bunlar cənab Prezidentin dünyada olan hörməti idi. İndi təsəvvür edin, 130 dövlət cənab Prezidentin təklifi ilə BMT-yə müraciət edib. Bu məsələlər müzakirə olunacaq. Xaricdə yaşayan soydaşlarımızın hər biri bu işdə iştirak eləməlidir və iştirak da etdi.
- Bəs müxalifətin bu məsələlərə yanaşmasına necə baxırsınız?
- Müxalifətin böyük bir hissəsi xalqın, dövlətin yayında oldu. Bir hisssi isə həmişəki kimi... Baxın, bəziləri Ermənistanı müdafiə edirlər. Ermənistanın maraqlarından çıxış edirlər. Guya deyirlər ki, Ermənistanda bu döyüşlərdə bir nəfər də ölməyib. Bizim generalımız, polkovnikimiz, mayorlarımız şəhid oldu. Allah onlara qəni-qəni rəhmət etsin. Onlar böyük bir dövlətçiliyi, dövlətçiliyimizi qorudular. Vaxtilə bizim Brüsseldə nümayəndəmiz işləyən, anası Gəncə ermənisi olan Arif Məmmədov heç olmasa, yediyi çörəyə hörmət etsin. 20 il Azərbaycanın nümayəndəsi işləmisən. İşləmək istəmirdinsə, ərizəni verib çıxardın. İşdən çıxmamısan, azad ediləndən sonra erməniləri müdafiə etməyə başlamısan. Çünki qanında bizə düşmənçilik var.
- Azərbaycanın daxilindəki müxalifətin mövqeyini necə qiymətləndirirsiniz?
- Daxildəki müxalifətin bir qismi başda Əli Kərimli olmaqla, ancaq ermənidən pul alıb, anti-Azərbaycan təbliğatı aparır. Milli Şuraya daxil olanların biri də ortaya çıxıb Azərbaycanı müdafiə eləmədi. Əli Kərimli çıxıb yalandan bəyanat verdi. Ondan bir gün qabaq Osmanqızının televiziyasına çıxıb görün hansı müsahibəni verdi. Əsas odur ki, bütün bunları xalq görür, bilir.
- Siyavuş müəllim, sizcə biz niyə imkan veririk ki, onlar ermənilərin təsirinə düşsünlər?
- Bilirsiniz, milli maraqlara, Vətənin maraqlarına qarşı çıxmaq xəyanətdir. Onlar Vətənə xəyanət edirlər. Dövlətçilik əleyhinə çıxışlar edirlər. Hökuməti istəmirsən, müxalifətçilik edirsən, bunu başa düşürəm. Xalqın, millətin, dövlətin əleyhinə getmək ancaq cinayətdir.
- Bu günlərdə Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin də bir bəyanatı oldu. Aydın oldu ki, bəzi qüvvələr düşünür ki, hakimiyyət daxilində müəyyən qruplaşmalar var. Ramiz Mehdiyev deyir ki, ömrü boyu Heydər Əliyev siyasi kursuna sadiq olub və bundan sonra da olacaq. Sizcə bu nə demək idi?
- Vaxtilə onun qarşısında ikiqat əyilənlər indi haqqında xoşagəlməz sözlər deyirlər. Vaxtilə onun əlini öpənlər bu gün danışmağa başlayıb. Mən bunların hamısının şahidi olmuşam.