Nazirlər Kabineti yanında Operativ Qərarganın qəbul etdiyi qərara əsasən bu gündən vətəndaşların çimərliklərə üz tutmasına icazə verilir. Bəs çimərliklər, dəniz suyunun faydası haqqında nə bilirik? Bu, vaxtında verilmiş qərardırmı? Mövzu ilə bağlı həkim-terapevt Məlahət İsayeva Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Doktor, necə düşünürsünüz, pandemiya dövründə çimərliklərin açılması doğru qərar oldumu?
- Artıq 6 aydır pandemiya səbəbilə insanların evə qapanması onlarda stress faktorunun üzə çıxmasına səbəb oldu. Çimərliklərin açılması insan orqanizminə üç cəhətdən faydalı olacaq. İlk olaraq günəş vannasının qəbulu, duzlu sudan istifadə və təmiz dəniz havası insanların sağlamlığa çox böyük təsir göstərəcək. Havanın sərin keçməsinə baxmayaraq inanlar D vitamini qəbul edə biləcək. Çimərliklərin açılması ilə dənizin suyu, havası, günəş şüası immuniteti gücləndirəcək.
- Sizcə, qərarlar qəbul edilən zaman daha çox yumşalmalara getmək lazım idimi?
- Birbaşa yumşalmaya getmək doğru olmazdı, virusa yoluxma halları sürətlə artardı. Karantin rejiminin mərhələli yumşaldılmasına tərəfdarıyam. Çimərliklər gec açılsa belə, insanlar dəniz havasını udmaqla ondan faydalana bilərlər. İnsanların dəniz kənarında gəzməsi sağlamlıqları üçün kifayətdir. Sosial məsafənin qorunması şərtilə insanların çimərliklərə üz tutmasının tərəfdarıyam.
- Dəniz suyunun faydaları nələdir?
- Dəniz suyunun tərkibində 104 faydalı element, vitamin və minerallar var. Kalium xlorid dərinin elastikliyini artırır, səthi hamarlaşdırır, ona təravətli edir. Dəniz dalğaları dəriyə yüngül masaj effekti göstərərək, dərini oksigenlə zənginləşdirir, qan dövranının işini yaxşılaşdırır, təzyiqi aşağı salır.
Dəniz suyu duzlu olduğuna görə burun-boğaz həkimləri hər zaman tənəffüs orqanlarını bu suyla yaxalamağı tövsiyə edirlər. Onun tərkibindəki vitamin və mineralların sayəsində burun ifrazatı atılır, qrip xəstəliklərinin qarşısı alınır.
Dəniz suyu dərini təmizləyir. Ekzema kimi dəri xəstəliklərini müalicə edir. Sızanaqların, qara nöqtələrin əmələ gəlməsini önləyir. Duzlu su dərini ölü hüceyrələrdən təmizləyir.
Diş ağrısı zamanı dəniz suyunu qarqara etdikdə ağrı keçir, ağızda olan yaraları sağalır. Həmçinin, alimlərin tədqiqatları nəticəsində dəniz suyunun tərkibindəki vitamin və mineralların insan bədənində olan 84 maddə ilə oxşarlığı aşkarlanıb. Məsələn, insan qanı ilə dəniz suyu bir-birinə bənzəyir.