BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu virusla nəinki ilin sonu, daha çox yaşamağa hazır olmalıyıq” - Vasif İsmayıl

Biz koronavirusla mübarizənin tam ortasındaykən, dünya artıq COVID-19-un ikinci dalğasına qədəm qoyur. İndidən pandemiyanın növbəti sərt üzünün ayaq səsləri eşidilməyə başlayıb - bizi payıza hazır olmağa çağırırlar. BMT-nin Baş katibi Antonio Guterresin sözlərinə görə, koronavirus üzündən 160 ölkədə təxminən 1 milyard tələbə və məktəblinin təhsil prosesi tam pozulub.

Hələ 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməyib. Və belə bir vəziyyət hökm sürdüyü halda alimlər daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər. “Böyük Britaniyada əgər məktəblər sentyabrda tam işləmə rejiminə keçərsə, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq”, - ingilis elm adamlarının araşdırmasında deyilir.

Bu da azmış kimi, Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb. Gözləntilərə görə, avqustun 6-dan hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirməlidir. Buna qədər Baş Nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.

Bizi isə kiçik Estoniya deyil, Qərbi Avropanın nəhənglərindən olan Almaniyadan gələn xəbərlər daha çox narahat etməlidir.

Çünki Almaniya Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib. Sitat: “Biz ikinci dalğanın başlanğıcındayıq. Düşünürəm ki, indi nəyin baş verdiyini iki-üç həftədən sonra dəqiq biləcəyik”. Həkimlər əlavə edib ki, məktəbə getmək gündəlik kütləvi fəaliyyətdir və təhsil müəssisələrində gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır.

“Qoca qitə”nin ürəyi olan Fransada da alimlər bədbindirlər. Onlar  koronavirusun ikinci dalğasını gözləyirlər. Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci hücumu ilə qarşılaşacaq.

“Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir” - deyə “Le Figaro” qəzeti şuranın açıqlamasından sitat gətirib.

Yeri gəlmişkən, Fransanın Baş naziri Jan Castex koronavirusun hələ də bütün ölkədə yayıldığına görə, rahatlaşmamalı və sayıqlığı əldən verməməli olduğunu söyləyib. TƏBİB sədri Ramin Bayramlı da son açıqlamasında dünyanın ikinci dalğaya hazırlaşdığını açıqlayıb.

Bütün bu proqnozlar və ehtimallar göstərir ki, Azərbaycan da hazırda əldə edilən müsbət nəticəni itirməməli, görülən kompleks tədbirlər heyf olunmamalıdır. Respublikanın Baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev bildirdi ki, payız mövsümündə digər respirator xəstəliklər fəallaşır və ikinci dalğanın gəlməsi ilə bağlı dünyada səslənən proqnozlar da bununla əlaqədardır. Onun sözlərinə görə, həmin virusların soyuq havalarda aktivləşməsi ehtimalı yüksəkdir, lakin indidən pessimizmə qapılmaq olmaz. “Koronavirusun ikinci dalğası olmasın deyə bütün ölkələr və insanlar səfərbər olmalıdırlar ki, bu vəziyyət təkrarlanmasın.  Hazırda Azərbaycanda gedişat qənaətbəxşdir, yoluxma azalır, ümidverici nəticələr var, gəlin, bədbinləşməyək, yaşayarıq, görərik”.

Baş infeksionist hesab edir ki, COVID-19 epidemiyasına yoluxan və sağalanların qışda digər respirator xəstəliklərə yoluxması mümkündür.

Onun sözlərinə görə, əgər ikinci dalğa gəlsə, sərt karantin rejiminə qayıda bilərik: “Bu halda mütləq sərt karantini tətbiq etmək lazım olacaq. Amma gəlin tələsməyək, proqnoz verməyək, ölkədə hər gün yoluxma azalır, sağalan çoxalır. Əgər qaydalara riayət etsək, hər şey istədiyimiz kimi olacaq. Çalışmalıyıq ki, indidən xəstəliyi lokallaşdıraq”.

C.İsayev qeyd etdi ki, avropalı alimlər ikinci dalğanın başlama ehtimalından danışırlar, lakin bu müddətdə Azərbaycan böyük təcrübə toplayıb: “Həm özümüzün praktikası var, həm dünya təcrübəsindən yiyələnirik, müxtəlif ölkələrin həkimləri Azərbaycana dəvət olunur.

O baxımdan ikinci dalğa gəlsə belə, biz indi daha təcrübəliyik, nələr etməli olduğumuzu bilirik".

Tanınmış həkim Vasif İsmayıl söylədi ki, bütün dünya kimi bizi də ikinci dalğa gözləyir. Onun fikrincə, yalnız səhiyyə sistemini möhkəmləndirməli və təbliğatı gücləndirməliyik. V.İsmayıl COVID-19 xəstəliyindən sağalan insanların təkrar yoluxmayacağı hesab edilirdi: “Lakin artıq Azərbaycanda təkrar yoluxma faktı da var. Amma bu müddətdə təcrübə toplamışıq və ikinci dalğa ilə olacağı təqdirdə hansı addımlar atacağımızı bilirik. Sadəcə, epidemiologiyanın qaydası var - ikinci və üçüncü dağlası olur. Bu səbəbdən ilin sonuna qədər, hətta daha çox müddət bu virusla yaşamağa hazır olmalıyıq”.

Qeyd edək ki, avqustun 6-na qədər olan məlumata görə ölkədə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3 787 nəfərdir.Musavat.com

Tarix: 7 Avqust 2020, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin