Milli Məclisin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun Yeni Müsavatdakı “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı” yazısı əvvəlkindən üslub və problemə yanaşma baxımından fərqlənsə də, bir çox məqamları ilə növbəti dəfə suallar yaratdı.
Təəssüf ki, dövlətin beyin mərkəzi hesab olunan bir quruma rəhbərlik edən şəxsin yazısında məsələlərə münasibətdə obyektiv intellektual yanaşma, elmi əsaslandırma, dəqiqlik əvəzinə, uzun cümlələr yığını, mədhiyə, rabitəsizlik və tarixi təhrif etmə üslubu önə çıxıb. Ən faciəlisi qarşımızda başqa dövlətin vəkilliyini edən obrazın dayanmasıdır. Hələ şükr etmək lazımdır ki, keçən yazısında cəmiyyətdə ciddi narazılıq yaradan “Türk ordusunun Azərbaycana gəlişi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir” kimi Türkiyəni ittiham edən zərərli mövqeyindən geri çəkilib. Təhrif və yalnışlarla zəngin yazının hər abzası ayrıca cavabı haqq etsə də, bunu etməyə dəyməz. Sadəcə olaraq iştirakçısı və şahidi olduğum hadisələrin qərəzlə təhrif olunmasına münasibət bildirməyi vacib saydım.
Sovetlərin dağılması prosesinə kumiri Putindən betər ürək ağrısı ilə yanaşaraq, bunu “böyük humanitar fəlakət və sovetlərin yaratdığı iqtisadi sərvətlərin dağılması” kimi qiymətləndirib, xalq hərəkatı nəticəsində Qamsaxurdya, Ter - Petrosyan, Elçibəy kimi şəxslərin hakimiyyətə gəlməsini və ideyalarını həyata keçirməyə çalışmasını faciə sayır. Cənabın düşüncəsinə görə, sovet rejiminə qarşı olan bu şəxslər hakimiyyətdə olanda sovet ideologiyasını davam etdirməli imiş. Yazının əsas hədəfi isə Əbülfəz Elçibəydir. Elçibəyə hücumunun səbəbini yaxşı bilirəm. Amma anlamalıdır ki, buradan ona çörək çıxmaz. Elçibəy haqqında yazmağa cəhd edən deputata tövsiyəm: Elçibəyi anlamaq və bir daha səhvlərə yol verməmək üçün onu daha çox oxumaq lazım. Əks halda rəhbəri olduğun quruma haqsızlıq edərsən.
Elçibəyin müstəqilliyini yeni qazanmış Azərbaycanın demokratik dünya ilə əlaqələrinin inkişafına çalışmasını, hərbi-siyasi avantüra, ABŞ və Qərbi Avropanın Qafqazı öz təsir dairəsinə almaq siyasətinin dağıdıcı tərkib hissəsi kimi dəyərləndirmənin qiymətini verməyə çətinlik çəkir, bunu cəmiyətin öhdəsinə buraxıram. Amma unudur ki, patriarx adlandırdığı H.Əliyev də əsasını Elçibəyin qoyduğu xarici siyasət kursunun əsas istiqamətlərinə böyük ölçüdə toxunmadı. Qərbin neft şirkətləri ilə müqavilələr bağlandı, Avropa strukturlarına daxil olub, Beynəlxalq konvensiyalara qoşuldu, NATO ilə əməkdaşlıq edildi. Yazıda belə ziddiyətli məqamlar yetərincədir. Ardıcıllıqla bunlara bəzilərinə münasibət bildiriləcək.
Deputat yaxşı bilir ki, Elçibəy hər zaman dövlətin maraqlarından çıxış edib, milli maraqlarımızın əleyhinə olan məsələlərdə güzəştə getməyib. Elçibəyin hakimiyəti dövründə hansısa anti Rusiya platforması adlandırılan formatların yaradılması iddiası əsassızdır. Hətta kənarda kimsə buna cəhd edibsə belə, bunun səbəbkarı Rusiyanın həmin dövlətlərə törətdiyi təhlükə və qonşuların daxili işlərinə müdaxilə edən aqresiv siyasətidir. Elçibəyin Dövlətin və millətin müdafiəsi modelləri üzərində düşünməsi onu niyə narahat edir? Guya deputat bilmir ki, H.Əliyevin iştirakı ilə GUAM-ın yaradılması məhz Rusiyanın təzyiqləri ilə birbaşa əlaqəlidir. Deputat bunun da əleyhinədir?
Milli azadlıq hərəkatlarının mahiyyətindən xəbərsiz deputat Çeçenistanın mərhum prezidenti C. Dudayevi hərbi andı pozmaqda, öz xalqının azadlıq mübarizəsində iştirakda, Rusiyaya qarşı çıxmaqda ittiham edir. Bir millətin azadlıq mübarizəsi nə zamandan cinayət sayılıb və niyə süngü ilə qarşılanır? Sizcə Çeçenlər və Qafqazın digər yerli xalqları Rusiya işğalı və bu işğalın nəticəsində başlarına gətirilən faciələrə görə təşəkkür etməlidir? Yermolov və digərlərinin qanlı fəaliyyətləri orada yaşayan insanların yaddaşlarından hələ də silinməyib. 1994-2001-ci illərdə Çeçenistan müharibəsində yüz mindən artıq insanın qəddarlıqla öldürülməsinə görə təşəkkür edilməlidir? Axı öldürülən bu insanların 90%-dən çoxu dinc sakinlər idi. Yəqin Türkiyənin Qara dəniz bölgəsində yaşayan Qafqaz əsilli insanların çox uzun zaman nədən balıq əti yemədiyini bilmirsiniz. Bunun səbəbi Rusiya işğalı zamanı törədilən qəddarlığın nəticəsində 19-cu əsrdə Şimali Qafqazı tərk edib Osmanlıya qaçarkən Qara dənizdə batan və dalğaların balıqların cəsədlərini yediyi yüz minlərlə insan meyidinin sahillərə çıxarması idi. Onların bir çoxu məhz bu səbəbdən indi də balıq əti yemir.
Deputatın düşüncəsinə görə Azərbaycan xalqı 1804-ci ildə Gəncədən başlanan Rusiya işğalını, Gülüstan müqaviləsi ilə millət və coğrafiya olaraq ikiyə bölünməmizi, işğal nəticəsində Azərbaycanın əsilzadə nəsillərinin məhv edilərək Rusiyaya sədaqətli müti insanlarla əvəzlənməsini, döyüşkən ruhlu bir xalqı hərbi xidmətdən uzaqlaşdırıb müti kütləyə çevirməsini, tarixi ərazilərimizə erməniləri yerləşdirib əvvəl İrəvan xanlığında Erməni Vilayəti, sonra isə Ermənistan dövləti yaratmasını alqışlamalıyıq. Bəlkə 27 aprel işğalına, 1930-cu illərdə on minlərlə düşünən insanımızın məhv edilməsinə görə təşəkkür etməliyik? Yaxud Dağlıq Qarabağda separatçı rejim yaradıb Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaratmasına, Ermənistandan yüz minlərlə soydaşımızın qovulmasına imkan yaratdığına, 20 yanvar qırğınında, Xocalı soyqırımında, Şuşa, Laçının və digər əraziləriin işğalında birbaşa iştirak etdiyinə görə alqışlamalıyıq? Rusiyanın Güney Azərbaycanda Səttərxan, Xiyabani və Pişəvəri hərəkatlarının boğulması, Urmiyadakı törədilən soyqırımda iştirakına toxunmaq istəmirəm.
1994-cü ildə Dudayevdən müsahibə alan Azadlıq qəzetin silahlı müxalifətin qəzeti adlandıran deputat bilməlidir ki, o, yeniyetmə olanda həmin AXC-nin beş mindən artıq üzvünün ölkənin ərazi bütövlüyü uğrunda şəhid olması bahasına qurulan dövlətin isti kabinetlərində indi oturub müstəqilliyin dadını çıxarır. Tarix bilgisi zəif olan deputata xatırlatmaq istəyirəm ki, Dudayevin acı gerçəkləri “anlayıb” müsahibə verdiyi 1994-cü il tarixdə Elçibəy hakimiyətdə deyildi, devrilmşdi.
Şevarnadzeyə istinad edilən “Elçibəyin kabinetində olarkən Dudayevlə görüşməyimi istədi. Bir mərtəbə aşağı düşdük. O, mənə antirusiya ittifaqı qurmağı təklif etdi. Mən Rusiyanın gücünü bildiyimdən sakitcə Gürcüstanın belə planda olmayacağını bildirdim” fikri tamamilə uydurmadır. Həmin görüş haqqında ətraflı məlumatı olan və Şevarnadze ilə Elçibəyin 1993-cü ilin aprelində Ankaradakı görüşündə iştirak etmiş şəxs kimi onun bu faktı bilərəkdən təhrif etdiyini düşünürəm. Soruşmaq lazım Şevardnadze bu fikri sənə şəxsən dedimi, yoxsa haradasa yazıb və ya səsləndirib?
Həqiqət budur ki, Şevarnadzenin Bakıya səfəri 1993-cü ilin 3 fevralında baş tutub. Səfərdə iki ölkə arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” haqqında müqavilə daxil, 20-dən artıq saziş imzalanıb. Dudayevin Bakıya gəlişi Şevarnadzenin istəyi ilə olub. Onların arasında Çeçenistanda olan devrilmiş prezident Qamsaxurdiyaya görə müəyyən sıxıntılar vardı. Dudayevlə bu məsələ müzakirə ediləcəkidi. 3 liderin görüşündə Orucun iddia etdiyi kimi anti Rusiya platformasının yaradılması yox, Qafqazda sabitliyin, əmin amanlığın bərqərar olunmasının yolları və əməkdaşlıq məsələləri müzakirə edilib. Əməkdaşlığın formalarından biri kimi, 19-cu əsrdə Axundov tərəfindən səsləndirilən, 1918, 1920,1930-cu illərdə Qafqaz xalqlarının təmsilçiləri tərəfindən müxtəlif səviyyələrdə müzakirə edilən və 1991-ci ildə Dudayev tərəfindən yenidən gündəmə gətirilən “Qafqaz evi” ideyası da müzakirə edilib. Müzakirə zamanı Şevarnadze ideyanı dəstəkləyib və Elçibəyin Qafqaz evinin sədri olması təklifini verib. Elçibəy isə birliyə daxil olacaq dövlətlərin hüquqlarına hörmətlə yanaşdığını və növbəli sədrliyə tərəfdar olduğunu bildirib. Onun təklifi qəbul edilib. Razılaşmaya görə Şevarnadze Yeltsinlə Dudayevin münasibətlərinin düzəlməsi üçün vasitəçilik etməli, Dudayev Ermənistanın prosesə cəlb edilməsi üçün Ter-Petrosyanla danışıqlar aparılmalı idi. Dudayevin Ter-Petrosyanla danışıqları nəticə vermədiyindən məsələ yarımçıq qalıb. Şevarnadze ilə Elçibəyin 1993-cü ilin aprel ayında Anakarada baş tutan görüşündə də əsas müzakirə mövzusu iki ölkə arasındakı əlaqələr, Qafqazda sabitliyin, sülhün bərqərar olması və regional əməkdaşlıq məsələsi olub. İştirakçısı olduğumuz tarixi həqiqət bundan ibarətdir. Orucun iddia etdiyi kimi Bakı görüşünə qədər Azərbaycan bir-iki kiçik istisna ilə hərbi məşlubiyətlər seriyası yaşamamışdı. İlk böyük hərbi məğlubiyət bu görüşdən iki ay sonra, Rusiyanın iştirakı ilə Kəlbəcərdə yaşanıb.