Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığının bir necə baxış bucağından qiymətləndirilməsinin tərəfdarıyam. Birinci onu deməliyəm ki, bu telefon danışığı və ondan əvvəl, eləcə də ardınca baş verənlər onu göstərir ki, biz Qarabağ probleminin həlli məsələsində yeni bir mərhələnin astanasındayıq.
Ya cəbhədə geniş əməliyyatlara başlanacaq, ya da havadarları hayları danışıqlar stolu arxasına əyləşdirərək gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atdıracaqlar, üçüncü yol yoxdur.
Qardaş Türkiyə ilə birgə keçirdiyimiz və döyüş hazırlığından daha çox, birgə “döyüşə hazırıq” xarakteri daşıyan hərbi təlimlər, hər iki ölkənin xarici və müdafiə nazirləriylə görüşdə cənab Ərdoğanın etdiyi jest, verdiyi mesaj, bu görüşdən dərhal sonra Hulisi Akarın Bakıya gəlməsi, ondan öncə rəsmi Ankarayla Moskva arasında Dağlıq Qarabağ probleminin həlli və Azərbaycan-Ermənistan sərhəddində hay təxribatıyla bağlı bağlı aparılan danışıqlar məhz bunun təsdiqidir.
Dövlət başçımızın Vladimir Putinə zənginin digər tərəflərinə gəldikdə isə İlham Əliyev kimi qətiyyətli və prinsipial olduğu qədər də informasiyalı bir liderin Azərbaycan-Ermənistan sərhəddindəki 12 iyul təxribatından sonra Rusiyadan haylara 400 tondan çox hərbi təyinatlı yük göndərilməsi faktını görməzdən gəlməyəcəyi aydın idi. Orası da aydındır ki, əgər hər iki dövlətin başçısı arasında qarşılıqlı güvən, rəğbət olmasaydı, Azərbaycanın haqlı narazılığı Rusiya Prezidentinə birbaşa zənglə çatdırılmazdı.
Bizim haqlı iradımızın bildirilməsindən sonra tərəflərin hər iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək əzmində olduqlarının vurğulanmasından çıxan nəticə isə odur ki, Azərbaycan və Rusiya liderləri bu güvənlə rəğbətin gələcəkdə də qorunub saxlanmasının tərəfdarıdırlar. Eyni zamanda gəldiyim başqa bir nəticə də bundan ibarətdir ki, Rusiya Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi iradla, yəni 12 iyul döyüşləri başa çatar-çatmaz haylara hərbi təyinatlı yüklər göndərilməsinin Minsk qrupuna həmsədrlik edən bir dövlətin üzərinə götürdüyü öhdəlikə uzlaşmaması və Azərbaycanla dostluğa kölgə salmasıyla razıdır. Əgər razı olmasaydı, bir daha vurğulayıram ki, hər iki tərəfin onunla bağlı yaydığı rəsmi açıqlamada Azərbaycanla Rusiya arasında əməkdaşlığın daha da genişləndiriləcyindən söz edilməzdi.
Həm bu fakt, həm də Rusiya tərəfin hər iki dövlət başçısının telefon danışıqlarıyla bağlı rəsmi açıqlamasında ikinci dərəcəliləri qabardaraq, üzərində ən çox dayanılan məsələdən-Ermənistana göndərilən 400 tondan artıq hərbi yükdən bir kəlmə belə bəhs edilməməsi Kremldə Zatulincəsinə davranışın yaratdığı narazılığın tezliklə aradan qaldırlmasının istənildiyini ortaya qoyur.