Cəmiyyətimizin demokratiyaya hazır olmadığını söyləyəndə də sözlərimi çevirib barəmdə yalan yaydılar. Dedilər, guya mən xalqımızın demokratiyaya hazır olmadığını söyləmişəm. Cəmiyyətlə xalqın ayrı-ayrı anlayışlar olduğunu anlamalı olanlar da yalan yaymağa girişdilər. Üstəlik, "hazır deyil" sözlərimi "layiq deyil" mənasına çevirdilər. Nəticədə, kontekst bir yana, tekstin özünü alt-üst etdilər. Bu söhbət ara-sıra yada salındığından, bir neçə dəqiqləşdirməni yazmaq istədim.
Xalqla cəmiyyət arasında önəmli fərq vardır. Xalq insan toplusudur. Konstitusiyada elə də yazılıb - Azərbaycan xalqı Azərbaycan Respublikasının vətəndaşlarından ibarətdir. Cəmiyyət insan toplusu deyil, təsisatlar və təcrübələr toplusudur. Buradan anlaşılır ki, xaricdə yaşayan Azərbaycan vətəndaşları, Azərbaycan xalqına aid olsalar da, Azərbaycan cəmiyyətinə aid deyillər. Eləcə də, Azərbaycanda yaşayan xairici vətəndaşlar Azərbaycan xalqına aid olmasalar da, Azərbaycan cəmiyyətinə aiddirlər. Hər kəs yaşadığı cəmiyyətə aid olunur. Bu, qədim hüquqi yanaşmadır, kökü Romadan gəlir (Romada yaşayırsansa, Romanın adətlərinə görə yaşa). Mən xalqı deyil, cəmiyyəti tənqid edirəm, problemlərə personal deyil, institusional yanaşıram. Odur ki, xalqı qoyaq bir qırağa, cəmiyyətin nə olduğuna baxaq.
Cəmiyyət, anlayış olaraq, ən azından hüquqşünasların düşüncələrində, yuxarıda yazdığım kimi, təsisatlar və təcrübələr toplusudur. Onlar da, öz növbəsində, hərəsi daha iki yerə ayrılırlar:
a) təsisatlar - təşkilatlar və qaydalar;
b) təcrübələr - davranışlar və gözləntilər.
Təşkilatlar çeşid-çeşid olur - ailədən tutmuş dövlətədək. Burada "təşkilat" sözü istənilən insan birliyini bildirir.
Belə mövzularda, bir qayda olaraq, ailə haqqında yazmıram. Amma bəzi yanaşmalarda ailə modeli və onun içində olan dəyərlər tənqid olunduğundan, bu haqda bir neçə söz mən də yazım. Ailə Məcəlləmizə görə ailə modelimiz nüvəlidir (ər-arvad və onların övladları). Lakin həyat daha genişdir və ailə anlayışının və təcrübəsinin içinə daha çox insanı alır (qayınata, qayınana, gəlin, kürəkən, yeznə, qayın, baldız, bacanaq, elti, dayı, xala, əmi, bibi və s.) Qanunda bunların heç birisi yoxdur. Qanunda yoxdursa, həyatda var və onların hər birimizə önəmli təsiri olur. Yalnız bir neçə kontekstdə (nikahın bağlanmasına mane olan hallar, övladlığa götürmə, uşaqla ünsiyyət hüququ və s.) "baba", "nənə", "qardaş" və "bacı" sözlərindən istifadə olunur. Bir də Mülki Məcəllədə, o da miras kontekstində, vərəsələrin növbələri məsələsi gələndə, xala, dayı, bibi, əmi, onların uşaqları və s. yada düşür, çünki əmlak sahibsiz qala bilməz.
Gördüyünüz kimi, qanun ailəyə formalistik yanaşır. Başqa cür ola da bilməz, çünki ailə üçün önəmli olan bir çox münasibətlər qanunun gözünə görünmür, qanunla nizamlana bilmir. Məsələn, sevgi, mehribanlıq, qohumcanlılıq və s. Belə münasibətlər hüquqtutumlu olmur, çünki: 1) burada bərabərlik ola bilmir; 2) onlar bəzən qarşılıqlı olmur; 3) onların maddi dəyəri yoxdur; 4) məsuliyyət məsələsi aydın deyil; və s. Qanunda ailə üzvlərinin bir-birini sevmək, bir-birinə sadiq olmaq kimi öhdəlik də yoxdur. Qanunun gözündə ailə əmlak münasibətlərinin uzantısıdır. Amma həyat elə deyil (daha dərin, geniş və intensivdir).
Ailə cəmiyyətin ən mühafizəkar təsisatıdır - yeniliklərə açıq deyil, gec dəyişir, nəsildən nəsilə ötürülən tərbiyyəyə bağlıdır və s. Hüququn sosiologiyasında belə bir anlayış var - hüquqa quruluşlu müqavimət. Bu anlayış eyni münasibətdə hüquqla rəqib olan və hüquqa üstün gələ bilən başqa qaydaların təsirini bildirir. Ailə, bu baxımdan, hüquqa ən güclü quruluşlu müqavimət göstərən bir təsisatdır, çünki ailədə hüquqdan daha çox əxlaq təsirli olur. Bunun həm müsbət, həm də mənfi yanları ola bilir, amma bu, ayrı və böyük bir mövzudur, burada uzatmaq istəmirəm.
Ailə modelini və onun içində olan dəyərləri tənqid edən yanaşmalar, bir qayda olaraq, ailənin fərdi azadlıqların inkişafına mane olduğunu vurğulayırlar. Belə bir problemin olduğunu inkar etməsəm də, onu açdığım mövzuya aid etmirəm. Hərçənd, "cəmiyyətimiz demokratiyaya hazır deyil" fikrimi tənqid edənlərin bəziləri, ailənin patriarxallığına görə cəmiyyətimizin inkişaf edə bilmədiyini söyləyirlər. Halbuki, bu yanşamaya görə mənimlə razılaşmaları gərəkdir. Mən heç zaman ailəni, ailə dəyərlərini hədəf götürmürəm. Əksinə, hesab edirəm ki, ailəni və ailə dəyərlərini hədəf götürmək yanlış yanaşmadır. Aydındır ki, ailə də, onun dəyərləri də dəyişə bilir. Bununla belə, unutmayaq ki, ailə, yuxarıda yazdığım kimi, ən gec dəyişən bir təsisatdır. Onu tənqidlə, maarifçiliklə və s. dəyişmək olmur. Ailə sosial-iqtisadi şərtlərin dəyişməsilə dəyişə bilir. Bizim toplumda dövlətin sosial xidmətləri, eləcə də bazarın fürsətləri, zəifdir, ona görə də o boşluğu ailə doldurmalı olur. Bizdə ailə ən təsirli və səmərəli sosial təsisatdır. Bizdə ailə həm uşaq bağçasıdır, həm ibtidai məktəbdir, həm pensiya fondudur, həm təcili tibbi yardımdır, həm kredit təşkilatıdır və s. Yəni, bütün bu və bir sıra başqa xidmətlərin zəif inkişafı nəticəsində, həmin funksiyaları ailə yerinə yetirməli olur. Bu isə, öz növbəsində, fərdiyyətçi yanaşmaların tənqid etdiyi başqa bir gerçəkliyi yaradır - ailə nüvəli (nuklear) ola bilmir, ailənin çevrəsi genişlənməli olur, qohumlar arasında yardımlaşma ehtiyacı onların bir-birindən asılılığını artırır və s. Dəyərlər də ona uyğun formalaşır. İqtisadi fürsətlər artıdqca, sosial infrastruktur inkişaf etdikcə, dövlətin və bazarın təklif etdiyi xidmətlərin keyiyyəti yüksəldikcə, ailə və ailə dəyərləri də dəyişə bilir.