Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Pravda.az xəbər verir ki, E.Həsənov 1995-2000-ci illərdə Baş prokuror vəzifəsində çalışıb.
E.Həsənov 2000-cil ildə vəzifədən azad edildikdən sonra aprelin 26-da Heydər Əliyev respublika prokurorluğu orqanlarının rəhbər işçiləri ilə müşavirə keçirib. Onun çıxışını təqdim edirik:
“Bilirsiniz ki, Respublika Prokurorluğunun rəhbərliyində dəyişiklik edilibdir. Mən qəbul etdiyimiz bu qərarların səbəbi haqqında və Azərbaycanda prokurorluq orqanlarının gələcək vəzifələri haqqında bəzi fikirlərimi və mülahizələrimi sizə bildirmək üçün dəvət etmişəm.
Səbəblər ondan ibarətdir ki, Azərbaycanın prokurorluğunda, onun rəhbərliyində qeyri-normal vəziyyət yaranmışdır və prokurorluqda ümümən qeyri-sağlam bir mühüt mövcuddur. Təbiidir ki, müstəqil dövlətimizin məhkəmə sisteminin mühüm bir sahəsi olan prokurorluqdakı belə bir vəziyyət bizim işlərimizə uğur gətirə bilməz. Əksinə, işlərimizə zərər gətirir və özü də çox zərərlər gətirir.
Azərbaycanın Prezidenti kimi mən yüksək vəzifələrə təyin etdiyim şəxslərin hamısına inanıram. Xüsusən hüquq-mühafizə orqanlarının başçılarına, güc nazirliklərinin rəhbərlərinə inanıram və etibar edirəm. Əgər belə olmasa, birincisi, mən onları təyin etmərəm, yaxud da ki, təyinetmə zamanı ola bilər səhvlər olsun – o səhvləri aradan qaldıraram.
Mən Baş prokuror Eldar Həsənova dəfələrlə göstəriş vermişəm ki, Baş prokuror kimi siz çalışın prokurorluğun işlərini özünüz tənzimləyin, bu məsələləri bizim üzərimizə qoymayın. Baş prokurora etimad göstərilib və Baş prokuror da işləri ədalətli qurmalıdır. Əgər kimsə hansı bir səhvi, qüsuru göstərirsə, bunu araşdırmaq lazımdır. Əgər o səhv buraxılıbsa, düzəldilməlidir, əgər deyilən söz əsassızdırsa, ona sübut etmək lazımdır ki, bu, əsassızdır, sən bu məsələni doğru qaldırmırsan, yaxud da ki, səhv edirsən.
Baş prokuror prokurorluq sistemində olan bütün məsələləri özü həll etməli, özü tənzimləməlidir. Ancaq bu da ədalət prinsipi əsasında olmalı, ədalətsizliyə yol verilməməlidir. Xüsusən prokurorluq orqanının gördüyü işlərin məna və məzmununu nəzərə alaraq, təbiidir ki, hər bir məsələ ədalətli yoxlanılmalıdır. Amma bizim hüquq-mühafizə orqanlarında, o cümlədən xüsusən də prokurorluqda hər bir xırda və ya böyük iş, məsələ düzgün həll olunmursa, ya ədalətsizliyə, ya da qanun pozuntusuna yol verilirsə, yaxud kimsə öz vəzifəsindən sui-istifadə edərək ümumdövlət mənafeyinə zərər gətirirsə, bunlar hər bir halda ayrı-ayrılıqda araşdırılmalı və son nəticəyə gəlinməlidir. Bu araşdırma da ədalətli olarkən, təbiidir ki, o tərəf da, bu tərəf də anlaya bilər - kim düzdür, kim əyridir.
Ancaq onu da qeyd etmək istəyirəm ki, 1993-cü ildən başlayaraq Azərbaycanın hüquq-mühafizə orqanları Azərbaycanda vaxtilə mövcud olan cəzasızlığın, hərc-mərcliyin, qanunsuzluğun qarşısını almaq üçün çox işlər görmüşlər, Azərbaycanda 1992-ci ildə yaranmış ağır, gərgin vəziyyətdən çıxmaq üçün, vətəndaş müharibəsinin qarşısını almaq üçün, qanunsuz silahlı dəstələrin aşkar edilib ləğv olunması üçün, çox qatı, təhlükəli cinayətlər törətmiş insanların, qrupların aşkara çıxarılması, onların yaxalanması və cinayətlərini sübut etməkdən ötrü istintaqların aparılması üçün və son olaraq bu adamların məhkəmə tərəfindən ədalətli cəza almaları üçün hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan prokurorluğu çox iş görmüşlər. 1994-cü ildə, 1995-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhdlər olmuşdur. Buna cəhd edən insanlar Azərbaycanı dağıtmaq, Azərbaycanda konstitusion hakimiyyəti ələ keçirmək məqsədi daşıyırdılar. Biz onların qarşısını aldıq. Təbiidir ki, mən bunda hüquq-mühafizə orqanlarının xidmətlərini də qiymətləndirirəm və keçmişdə də qiymətləndirmişəm.
Sonra başqa təhlükəli cinayətlər, bəzi terror aktlarına cəhdlər olubdur, bu xarakterli başqa cəhdlər olubdur. Bunların da qarşısı alınıbdır. Dövlət çevrilişi cəhdləri göstərənlərin və yaxud Azərbaycanda böyük cinayət əməlləri etmiş insanların və qrupların bir qismi qaçıb, gizlənibdir, uzun müddət müxtəlif ölkələrdə yaşayıbdır. Onların axtarılması, tapılması, aşkar edilməsi və Azərbaycana gətirilməsi sahəsində, sonra isə cinayət əməllərinin araşdırılması və məhkəməyə verilib cəzalandırılması sahəsində də hüquq-mühafizə orqanları, o cümlədən xüsusən prokurorluq orqanları, Azərbaycanın prokurorluğu çox işlər görmüşlər.
Bunları və prokurorluğun başqa nailiyyətlərini mən yüksək qiymətləndirmişəm. Bilirsiniz ki, prokurorluğun yubileyi mərasimində mən öz nitqimdə Azərbaycan prokurorluğunun işinə yüksək qiymət vermişəm, təşəkkür etmişəm. Demişəm ki, mən sizə güvənirəm, etibar edirəm. Bu sözlər adi sözlər deyildir. Bunları mən bir tərəfdən, təbiidir ki, sizin xidmətlərinizi nəzərə alaraq demişəm. İkinci tərəfdən də bu sözləri deyərək mən sizin məsuliyyətinizi artırmaq məqsədi daşımışam ki, siz həmin yüksək mənalı sözlərin səviyyəsində olasınız, sizə verilmiş yüksək qiymətin səviyyəsində olasınız.
Ancaq bununla bərabər, bununla yanaşı çox ciddi nöqsanlar, qüsurlar, ayrı-ayrı prokurorluq işçilərinin vəzifədən sui-istifadə etməsi, qanun pozuntularına yol verilməsi, cinayətkarların cinayətkar olduğunu araşdırmaq üçün istintaq zamanı ədalətsiz hərəkətlər, – bunlar da şəxsi məqsədlər naminə olubdur, – belə hallar da çoxdur.
Mən tələb etmişəm ki, mənim bu sözlərimdən nəticə çıxarılsın və prokurorluğun rəhbərliyi daha da çox işlə məşğul olsun, dedi-qodu ilə, şəxsi münasibətlərin toqquşması ilə, intriqalarla və başqa şeylərlə məşğul olmasın. Ancaq əgər vaxtında belə ciddi qərar qəbul olunmayıbsa, bu da yenə prokurorluğa göstərilən qayğının təzahürüdür. Mənim tərəfimdən qayğıdır ki, siz özünüz öz problemlərinizi içinizdə həll edin. Ancaq dövlətçilik prinsipləri əsasında, qanunçuluq prinsipləri əsasında, ədalət əsasında. Əgər bir prokurorluq işçisi qanunu pozursa, yaxud cinayət edirsə və ya o tərəf, ya bu tərəf bunun üstünü basdırırsa, onlar da bu cinayətə qoşulurlar.
Bu gün Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, sağlam mühit, sağlam əhval-ruhiyyə şəraitində dövlətin mühüm orqanı olan prokurorluqda belə vəziyyətə dözmək olmaz. Buna da birinci növbədə sizin özünüz dözməməli idiniz. Ancaq mən artıq gördüm ki, heç bir nəticə çıxmır və bu qərarları qəbul etdim.
Bütün bunların nəticəsində mən sizə məlum olan qərarı qəbul etdim. Hesab edirəm ki, düzgün etmişəm, ədalətli qərardır. Hesab edirəm ki, bu qərar təkcə işdən azad olunanlar üçün yox, bütün prokurorluq sisteminin işçiləri üçün – həm yüksək vəzifəli, həm də adi işçilər üçün – xəbərdarlıq olmalıdır, hərə özü üçün nəticə çıxarmalıdır.
Eyni zamanda bu qərar Azərbaycanın hüquq-mühafizə orqanlarının hamısı üçün bir xəbərdarlıq qərarı kimi olmalıdır. Ancaq bu nöqsanlar, bu çatışmazlıqlar bu və ya başqa şəkildə, yaxud da başqa həcmdə bizim bütün hüquq-mühafizə orqanlarında var. Ona görə də hər bir kəs, xüsusən hüquq-mühafizə orqanlarının başçıları, rəhbərlikdə olan şəxslər özləri üçün nəticə çıxarmalıdırlar, hərə bu qərardan nəticə çıxararaq özü öz sahəsinə birdə diqqətlə yanaşmalıdır. Diqqətlə yanaşmağın məqsədi də ondan ibarət olmalıdır ki, bizim hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür.
Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə-işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir. Mənəviyyatın da hamısı qanunun içərisindədir. Heç kəs öz şəxsi məqsədinə, mənafeyinə, yaxud dostunun, qardaşının, qohumunun xahişinə, mənafeyinə görə qanunu poza bilməz.
Prokurorluğun rəhbərliyində yaranmış bu qeyri-normal vəziyyətin ən eybəcər cəhəti də ondan ibarətdir ki, prokurorluğun rəhbərliyi aralarında olan münasibətləri prinsipial nöqteyi-nəzərdən araşdırmaq, kimin hansı səhvi varsa, onu sübut etmək və aradan qaldırmaq üçün lazımi tədbirlər görmək əvəzinə, bir-biri ilə respublikada olan qəzetlər vasitəsilə mübarizəyə keçmişlər.
Mən bu barədə fikirlərimi deyərək, təkcə hüquq-mühafizə orqanlarına, prokurorluğa yox, Azərbaycanın bütün dövlət, hökumət orqanlarına – aşağıdan yuxarıya qədər – bir daha xəbərdarlıq edirəm. Biz insanları tərbiyələndirmək istəyirik. Biz insanları mənəviyyatca təmizləmək istəyirik. Ancaq bəziləri yüksək vəzifə alandan sonra – mən bunu da xüsusi qeyd edirəm – bu vəzifədən bir müddət sui-istifadə etməyə, ondan sonra daha da başqa hərəkətlər etməyə başlayır. Bunların da sonu bu olur.
1996-cı ildə mənə gəlib dedilər ki, bir şikayətçi var. Mən onu qəbul etdim. Onu dinləyəndə mən həqiqətən dəhşətə gəldim ki, əcaba, düzmü deyir, belədirmi? Həmin adam şikayət edirdi ki, gərək ki, onun oğlunu günahsız yerə həbs ediblər və öldürüblər. Soyuducular zavodunda “Çinar” şirkəti var. Bilirsiniz ki, bir neçə dəfə həmin zavodun rəhbərlərinə gah sui-qəsd olunmuşdu, gah xəsarət yetirilmişdi, gah da kimisə öldürmüşdülər. Son dəfə soyuducu zavodunun direktoru vəzifəsini icra edən Nicat Süleymanzadəni yaralamışdılar. Guya “günahkarları” tapıblar və onlardan biri də orada həmkarlar təşkilatının sədri Camal Əliyevdir. Süleymanzadəni yaralamışdılar, guya həmin işi bu təşkil edibdir. Onu həbs ediblər, 17-ci polis bölməsinə aparıblar. Polis işçiləri və Bakı şəhər prokurorluğu orada istintaq aparıblar. Təbiidir ki, bu adam deyibdir ki, günahım yoxdur, bu işləri mən etməmişəm. Ancaq onu döyüblər, ona işgəncə veriblər. Onu o qədər döyüblər, axırda orada döyüb öldürüblər.
Mən əmr verdim, Ramiz Mehdiyevin rəhbərliyi ilə komissiya yaratdıq ki, bu komissiya bu işi araşdırsın. Araşdırdılar, amma son nəticə ondan ibarət oldu ki, həmin o Camal Əliyev günahkar deyil, günahkar başqalarıdır. Əliyev Camalın cəsədini da çıxarıb eksqumasiya etmişdilər, yoxlamışdılar ki, onu qandallayıblar, dişlərini vurub sındırıblar, bədəninə 30 xəsarət yetiriblər. Yəni bu qədər vəhşilik təsəvvür ediləsi deyil. Bunu nə üçün ediblər? Ona görə ki, cinayətkarı gizlətsinlər, məsuliyyətdən xilas etsinlər. Təbiidir ki, bu da asan deyil yəqin, ondan çox miqdarda, müəyyən rüşvət alıblar və bu adamı döyüb-öldürüb “günahkar” ediblər.